RAMİLƏ ATƏŞ: ŞƏHİDLƏRİN QANI YERDƏ QALMASIN
Səhidlərin qanı yerdə qalmasın
Qönçə güllər açılmamış solmasın,
Qız-gəlinlər saçlarını yolmasın.
Ana yurdum azad olsun düşməndən,
Şəhidlərin qanı yerdə qalmasın.
Azərbaycan qalxıb bu gün ayağa
Qarabağdan xoş xəbərli sorağa
Düşmən qaçır heç baxmayır geriyə
Özü düşüb öz qurduğu tələyə.
Neçə ildir yurd həsrəti çəkirik,
Bu illərdə çox igidlər itirdik.
Gül yerinə qüssə-kədər bitirdik.
Cana doyduq, səbr eyləyib yorulduq,
Qanımızla bu torpağa yar olduq.
Ulu yurdum övladların səsləyir,
Şuşa, Laçın, Kəlbəcərim gözləyir.
Şəhidlərin ruhu bizi izləyir,
Qarabağım igidlərin gözləyir.
Azərbaycan əsgəri
Ürəyi od-alovlu,
Qəlbi fərəhlə dolu.
Yolu qələbə yolu,
Azərbaycan əsgəri.
Səngərdə mərd dayanar,
Vətənçün candan yanar.
Şəhidliyə ucalar,
Azərbaycan əsgəri.
And yeri torpaq olar,
Adı yüksəkdə qalar,
Zəfər marşını çalar,
Azərbaycan əsgəri.