RAMİLƏ ATƏŞ: O DEYİL….
O DEYİL
Zaman o zamandir,vaxt o vaxt deyil.
Vətən o vətəndir, vətəndaş deyil.
Ana o anadır, övlad o deyil,
Ata o atadır, oğul o deyil.
Zamanmı dəyişir,yoxsa ki, bizlər?
İndi boş qalıbdır laləli düzlər.
Düz də həmin düzdür, lalələr deyil,
Qoxusun itirib, qoxu o deyil.
Körpü o körpüdür,keçən o deyil,
Mahnı o mahnıdır,duyan o deyil,
Zamanla dəyişir dünyanın özü,
Özü dəyişsə də ,üzü o deyil.
Təndirə bir ana çörək bişirir,
Təndir o təndirdi, çörək o deyil,
Nədəndir dəyişib dadı hər şeyin,
Ağız o ağızdır,dad,o dad deyil.
Qəlbini acırsan dost bildiyinə,
Sirrini verirsen öz sevdiyinə,
Qəlbin həmin qəlbdir, dostun o deyil,
Sevib, güvəndiyin, bildiyin deyil.
Özünü odlara atıb alışma,
Özgənin işinə çox da qarışma.
Əl-ayaq altında gəzib dolaşma,
Adım Atəşdirsə, bu o qız deyil.
Pressaz.az – Ramilə Məmmədova