Ramilə Atəş -Musa Urudun “Bilmədim” şeirinə…

Ramilə Atəş -Musa Urudun “Bilmədim” şeirinə…

                          BİLMƏDİM

Musa Urud:
Vətən bölük-bölük, el para-para,
Qalsın belə ömrü, qalsın ağlara,
Üzüm Allahadı, yönüm dağlara,
Aşdığım təpədi, yaldı, bilmədim.

Ramilə Atəş:
Vətən torpağımı düşmən zəbt edib,
Cənnət bağlarımı cəhənnəm edib.
Bu vətən yolunda oğullar gedib,
Ağladım elimi, gülə bilmədim.

Musa Urud:
Dürat girə keçdi, Qırat əllərə,
Yurda talan düşdü, qarət ellərə.
Fələk əl uzatdı qara tellərə,
Daradı bilmədim, yoldu bilmədim.

Ramilə Atəş:
Keçəl Həmzələrin toruna düşdük,
Bu yolda çovğuna, borana düşdük,
Ata yurdumuzdan didərgin düşdük.
Kövrəlib ağladım, gülə bilmədim.

Musa Urud:
Silindi cığır da, kəsildi yol da,
Yaş gözdə göynədi, bayatı dildə.
Kəkotu qayada, bənövşə kolda,
Saraldı bilmədim, soldu bilmədim.

Ramilə Atəş:
Bənövşə gizlicə boynunu əydi,
Qaçqın söylədilər qəlbimə dəydi,
Vətəndə, vətənsiz qəribə döndüm,
Bilmədim yaşayım, bilmədim ölüm?!

Musa Urud:
Dağlar qəsrim idi, qayalar taxtım,
Qarışdım bulanıq sellərə axdım.
Şeytan əl uzatdı, əlini sıxdım,
Mələk libasında gəldi, bilmədim.

Ramilə Atəş:
Dost bilib düşmənə süfrəmi açdım,
Saf bulaq suyutək qəlblərə axdım.
Nə bilim varlığım düşməni yaxdı,
Göz dikdi yurduma düşmən, bilmədim.

Musa Urud:
Adımı üzümə rübənd eylədim,
Ömrümü arzuma kəmənd eylədim.
Haqq sözü cır işə peyvənd eylədim,
İçimdə bir şaid öldü, bilmədim.

Ramilə Atəş:
Arzumuz xəyaltək qalmayacaqdır,
Axan qan əvəzsiz qalmayacaqdır.
Haqq sözü, ədalət zəfər çalacaq,
Düşmən neyləyəcək, bilə bilmədim?!

 

 

Pressaz.az