RAMİLƏ ATƏŞ: HƏYAT GERÇƏYİM
HƏYAT GERÇƏYİM
Üzümə çilənən narın yağışım,
Qəlbimi isidən parlaq günəşim,
Varlığım, həyatım, yaşam həvəsim,
Tək sənsən,tək sənsən eşqim, nəfəsim.
Könlümə düşmüş nar çiçəyim,
Ağzımda dilimsən mənim göyçəyim.
Sənsiz mən bir heçəm, nazlı çiçəyim,
Tək sənsən, tək sənsən həyat gerçəyim.
Əsən mehim, küləyim,
Mənim hər bir diləyim.
Bu həyatda gərəyim,
Tək sənsən, tək sənsən həyat gerçəyim.
ƏYNİMƏ QIZILDAN LİBAS GEYƏRƏM
Nə bir dərd çəkərəm, nə qəm yeyərəm,
Əynimə qızıldan libas geyərəm.
Təkcə bu dünyada səni sevərəm,
Ürəkdən dərdimə yanan sən olsan
Gündüzü-gecəyə qatıb gələrəm,
Ən qtı düşmənə qalib gələrəm.
Düşmənin gözünü dəlib gələrəm.
Yenə bu dünyada səni sevərəm.
Ürəkdən dərdimə yanan sən olsan.
Sanmaram dünyanın sonu var, ya yox,
Kipriyim yayından çıxan sərt bir ox.
Bilirsən, dərdimdən ölənlər də çox.
Bircə bu dünyada səni sevərəm,
Ürəkdən dərdimə yanan sən olsan.
TƏK MƏNİM OLSAN
Susuzlasam sərin suyum sən olsan,
Acıqlı küləktək saçımı yolsan,
Yolumun üstündə hər səhər dursan,
Qurbanın olaram tək mənim olsan.
Üşüyərsəm qızmar günüm sən olsan,
Bu titrək qəlbimi alan sən olsan,
Məni bu dünyada sevən sən olsan,
Qurbanın olaram tək mənim olsan.
Dərd-qəmi ataram, yarım sən olsan,
Bu sevən qəlbimin şahı sən olsan
Sevirəm söyləyib, sözündə dursan,
Qurbanın olaram tək mənim olsan.
Açılan sabahım, gündüzüm olsan,
Hər şirin kəlmənlə qəlbimi alsan,
Ömürlük mənimlə bir yerdə qalsan,
Qurbanın olaram tək mənim olsan.
MƏNƏ QƏLBİNİ GƏTİR
Gözümdən tökülür sevgi yağışı,
Sevgi yağışından boğuluram mən.
Qısqanclıq zəncirin salıb boynuma,
Qaranlıq otaqda darıxıram mən.
Nə könlüm açılır, nə gözüm gülür,
Yaxında olanlar dərdimi bilir.
Nə dostsan, nə düşmən bilmirəm kimsən,
Mehriban düşməntək sevirsən məni.
Gözündən kənara qoymursan məni
Gileyli gəzirsən, üzürsən məni.
Şübhəli nəzərlə süzürsən məni
Dəli-divanətək sevirsən məni.
Bu hissin adı nə, niyyəti nədir ?
Saf sevgi deyilsə bəs adı nədir?
Məcnundan,Kərəmdən nümunə götür
Mənə sevgi dolu qəlbini gətir.
PRESSAZ.AZ