RAMİLƏ ATƏŞ: GƏLİN MƏDƏNİYYƏTİMİZİ, TARİXİMİZİ BİRLİKDƏ QORUYAQ!

Bir vaxtlar, yəni açıq söyləsək SSRİ-NİN dövründə hər kəsin istirahət etməsi üçün ən gözəl şərait rahat öz evində oturub AzTV kanalını izləmək, ruhumuzu dincəlmək üçünsə Şövkət Ələkbərovanı, Zeynəb Xanlarovanı, Nisə Qasımovanı, Sara Qədimovanı, İlhamə Quliyevanı, Məmmədbağır Bağırzadəni və s. adlarını çəkmədiyim əsl sənətkarı dinləmək idi. Uşaqların dili ilə desək, “multfilm” izləmək də ən maraqlı, sevimli məşğuliyyət sayılırdı. 
Televiziya verilişləri sanki bizə öz evimiz, ikinci məktəb, tərbiyə ocağı idi. Verilişlərdə aparıcı diktorların cəmiyyəti saflığa, səmimiyyətə, dostluğa, birliyə çağırışı hamıya örnək, nümunə idi. Televiziya bizə dürüstlüyü, ədalətli olmağı, elmə yiyələnməyi, böyüyə hörməti, kiçiyə qayğını öyrədirdi.

Əziz oxucular, aydındır ki, televiziyanın bu gözəllikləri haqqında keçmiş zamanda danışıram. Və buna çox təəssüf edirəm. Təəssüf edirəm ona görə ki, bu gün bir çox televiziya kanallarında gənclərimizin dünyagörüşünü “Avropalaşmaq” devizi altında milli mentalitetimizdən uzaqlaşdırır, gəncliyimizi uçuruma aparırlar. İstər geyim, istərsə də davranışlarında cavanlarımıza pis nümunə göstərən bəzi “aparıcılar” özlərini haqlı hesab etməklə zorla, efir vasitəsilə evlərimizə, ailələrimizə ayaq açır, tərbiyəsiz və savadsız dialektləri ilə gənclərin zövqünü korlamağa davam edirlər.
Bir zamanlar televiziya efirlərindən sevə-sevə dinlədiyimiz əvəzolunmaz diktorlarımız Roza Tağıyeva, Ofeliya Sənani, Nərgiz Cəlilova, Nailə İslamda və sairə əsl diktorluq, aparıcılıq məktəbi keçmiş insanlar mənim və mənim kimi tamaşaçıların xəyalında müqəddəslik simvoluna çevrilmişlər.
Televiziyanı bu gün toyxanaya, bara, qumarxanaya, əxlaqsızlıq yuvasına çevirib, əxlaqsızlığı təbliğ edən verilişlərə son qoyulmalı, əsl sənəti, mədəniyyətimizi, incəsənətimizi, milli adət-ənənələrimizi, xeyirli əməlləri tərənnüm edən, elmli-təhsilli gənclərə, cəmiyyətə sevdirən verilişlərə, əsl aparıcılıq qabiliyyətinə malik, istedadlı, tərbiyəli gənclərə yer verilməlidir ki, Azərbaycan xalqını dünyada layiqincə tanıtsın və Azərbaycan simasına çevrilsinlər. Atalarımızın Allah rəhmət eləsin. Atalar deyib: “El bizim, sirr bizim”. Bəs görəsən bəzi kanallar, qeyri-peşəkar hazırlanmış verilişlərində elin, evin sirrini qorumaq əvəzinə ellərə cari çəkib, xalqımızı biabır etməklə nəyə nail olmaq istəyirlər. Efirdə əyninə mini yubka geyib, sinəsini açıb, dodaqlarını şar kimi şişirdib, burunlarını kəsdirib, tülkü cildinə girən “aparıcılar” qaynanasını döyən gələnlərə haqq qazandıran, övladını satan, anasına əl qaldıran bəzi nankorları, vicdansızları cəmiyyətə biədəb formada təqdim etməklə bu xalqın adını rüsvay etmirlərsə?! Öz xalqını qatil, oğru, şərəfsiz cinayətkar kimi göstərməklə pisi, cinayəti, cinayətkarlığı təbliğ edən bu cür mənasız, insanlara əsəb verən verilişlər bağlanmalı, lazım gələrsə məsuliyyətə cəlb olunmalıdırlar. Çünki, Xalq, Dövlət ilk öncə Televiziya kanalları, efirlə, media ilə tanınır. Bu gün bizi dünya izləyir. Azərbaycan xalqı müstəqil, azad şəraitdə yaşayır.

Ulu Öndərimiz Heydər Əliyevin bizlərə əmanət etdiyi bu dövlətin mədəniyyətini, incəsənətini, tarixini qorumaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.
Bizim zəngin tariximiz, mədəniyyətimiz, sərvətimiz var.
Əziz xalqımın dəyərli ziyalıları, gəlin bu mədəniyyətimizi, tariximizi birlikdə qoruyaq!

Şair-publisist Ramilə Atəş

 

Pressaz.az