RAMİLƏ ATƏŞ: DÜNYA GÖZƏLDİR
Dünya gözəldir
Dünya çox gözəldir, onu qoruyun
Salxım söyüdlərin saçın darayın.
Axan şəlalər, coşan ləpələr,
Yamyaşıl meşələr bizimdir axı,
Dünya çox gözəldir, gözəldir axı.
Dünyanın baharı, güllü yazı var,
Şaxtalı qışı var, bəyaz qarı var.
Qızılı payızı, isti yayı var,
Dünya çox gözəldir, gözəldir axı.
Laləli düzlərə baxıb heyran ol,
Dünya nə gözəldir elə burda qal.
Şehli çiçəklərdən dəstə tut, gətir
Dünya çox gözəldir, gözəldir axı.
Nəğmə qoş bu elə, avazla oxu,
Yaşıl sarmaşıqdan bir köynək toxu.
Götür yay kamanı, nişan al oxu,
İnsaf et, qəlbimdən vurma amandır
Dünya çox gözəldir, gözəldir axı.
Qəlbimdən vurarsan dünyam qaralar,
Bu dünya qəlbimdə yaralar bağlar.
Yoxsa qara gözlər yaş tökər ağlar
Dünya çox gözəldir, gözəldir axı.
Yaşamaq gözəldir, yazmaq gözəldir,
Sevgiylə yaşamaq daha gozəldir.
Dünyanı qoruyaq şərdən, iblisdən,
İblislər dünyadan yox olsun, getsin
Dünya çox gözəldir, gözəldir axı.