Rəsmi İrəvan onun üzərinə düşən öhdəlikləri yerinə yetirmir. FOTO
Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan tərəfi heç bir halda hansısa yolun bağlanması istiqamətində hər hansı addım atmayıb. Tam əksinə, Azərbaycan münaqişə başa çatdıqdan dörd gün sonra Laçın yolunu Rusiya sülhməramlılarının nəzarətinə verməklə, Ermənistanın Qarabağla əlaqəsinin təmin olunması üçün şərait yaradıb. Lakin bu yol humanitar məqsədlər üçün nəzərdə tutulsa da, sonrakı müddətdə biz bu yoldan, eyni zamanda, erməni silahlılarının döyüş texnikası ilə təchizatı, sursat əldə etməsi və hətta 2021-ci ildə istehsal olunan minaların daşınması və ərazilərimizdə yerləşdirilməsinin şahidi olduq.
İşğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətlərdən biri də minalardır. Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalı bölgələr insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, torpaqlardan səmərəli istifadə işinə də mane olur. Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Rəsmi İrəvan onun üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Azərbaycan müasir minalardan təmizləmə texnikalardan istifadə edərək azad edilmiş əraziləri minalardan təmizlənməsi prosesini davam etdirir.
Cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxış edən Prezident cənab İlham Əliyev ölkəmizin Hərəkata uğurlu sədrlik fəaliyyətindən, pandemiya dövründə görülmüş işlərdən, həmçinin institusional inkişafdan geniş bəhs etdi.
Prezident cənab İlham Əliyev çıxışında ölkəmizə qarşı uzun illər işğalçılıq siyasəti həyata keçirən Ermənistanın bu gün də çoxnövlü terror fəaliyyəti ilə məşğul olmasına xüsusilə diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir. Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından irəli gələn öhdəliklərini pozmuş olur. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir.
Ölkə başçısı onu da diqqətə çatdırdı ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri planlı şəkildə davam edir. Belə ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir.
Prezident cənab İlham Əliyev Ermənistana bəzi ciddi xəbərdarlıqlar da edərək vurğuladı ki, bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməlidir.Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Hələ də rəsmi İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Ermənistan təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur.
Dövlətimizin başçısının çıxışında çox ciddi mesajlar səsləndirməsi Prezident İlham Əliyevin qətiyyətinin, cəsarətinin və polad iradəsinin bariz nümunəsidir. Dövlətimizin başçısı Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu diqqətə çatdırdı. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi.