RƏHİLƏ VEYSƏLLİ : GƏLSİN

                          

 

 

 

 

       

     

       GƏLSİN

Çahargah üstündə köklə tarını,
Tarizən,mizrab vur, tar dilə gəlsin.
Yayılsın aləmə muğamın səsi,
Sədası Muğana, həm Milə gəlsin.

Xanəndə,fələyə günahsız demə,
Ömürə ,nəfissiz ,tamahsız demə,
Səlyana Vurğunsuz, Pənahsız demə,
Şakirdə əldə saz bu elə gəlsin.

Yurdumdan söz açsın söz deyən dillər,
Eşitsin qoy bilsin,qoy bütün ellər.
Vətənlə xoşbəxtdir, sevən könüllər,
Alqışlar Arazdan qoy Kürə gəlsin.

Kəsmə şikəstədə, oxu, de, danış,
Halal süfrəmizdə halal ye danış,
Haqq birdir, vacibdir, haqq ilə barış,
Lənətlər şeytana, qoy şərə gəlsin.

Tükənməz sərvətdir, layladır muğam,
Ümmandır, dəryadır, dalğadır muğam,
Çarəsiz dərdləri sağaldır muğam,
Ocaqdır xəstələr qoy pirə gəlsin.

Dəyişməm muğamı zərər, daş-qaça,
Xilqətim yaşayır muğamla qoşa ,
Rahilə, ilhamın sellər tək daşa,
Könlündən süzülən qoy, dilə gəlsin.

 

      Əsirlər, yesirlər yatır

Xəyallar ötüşür,fikirlər yatır,
Ummanlı dəryalar, dənizlər yatır,
Toxunma yarama sağalan deyil,
Könlümdə açılmaz çox sirlər yatır.

Bu sirri bir Allah, bir canım bilir,
Naleyi əfqanım, ah -zarım bilir,
Könlümdə inləyən , tək tarım bilir,
Kamandan gileyli çox illər yatır.

Qəlbimdə dillənən tarın teli var,
Kamanın naləsi, neyin dili var.
Gözümdə tükənməz hicran seli var,
Qarşımda çox sirli fəsillər yatır.

Xəyallar dərindi, düşüncə dayaz,
Decələr qaradır, gündüzlər bəyaz,
İlləri, ayları yandırır ayaz,
Dərdli ürəyimdə, nisgillər yatır,

Rahilə , kəsirlər məxrəcə ortaq,
Məxrəclər fələyə,nə qədər yaltaq,
Olsa da, udacaq bu qara torpaq,
Çün onun altında nəsillər yatır.