QULAMHÜSEYİN ŞABRAN & İDRİS YARDIMLI- QIFILBƏND
BACARIRSAN DE GƏLSİN
(Qıfılbənd)
Qulamhüseyin Şabrani.
Nə kitabdır açmaq olmur varağın,
Necə zülfdür tapmaq olmur darağın,
O,kimdir ki,hər an olmaz qonağın,
Bilirsənsə cavabını de gəlsin.
İdris Yardımlı
Ömür bir kitabdır, açmaz varağın.
Şəlalədir tapmaq olmaz darağın.
Əzrayıldır hər gün olmaz qonağın.
Varsa sual davamını de gəlsin.
Qulamhüseyin Şabrani
O,nədir ki,gecə gəzər hər yanı,
O,nədir ki,çəkilməyir dumanı,
O,nədir ki,vardır canı,yox qanı,
Bilirsənsə cavabını de gəlsin.
İdris Yardımlı
O, yuxudu gecə gəzir hər yanı.
Savalandır çəkilməyir dumanı.
Qarışqadır qanı yoxdur, var canı.
Varsa sual davamını de gəlsin.
Qulamhüseyin Şabrani
O,nədir ki,başı dağ tək ucadır,
O,nədir ki,doğulmamış qocadır,
O,nədir ki,oxumamış xocadır,
Bilirsənsə cavabını de gəlsin.
İdris Yardımlı
Buludların başı dağtək ucadır.
O dünyadır doğulmamış qocadır.
Peyğəmbərdir oxumamış xocadır.
Varsa sual davamını de gəlsin.
Qulamhüseyin Şabrani
O,nədir ki,doğur əlsiz,ayaqsız,
O,nədir ki,nur yayıbdır çıraqsız,
O,kimdir ki,ömrü boyu qonaqsız,
Bilirsənsə cavabını de gəlsin.
İdris Yardımlı
Qurbağadır doğur əlsiz ayaqsız.
O Günəşdir nur yayıbdır çırağsız.
Yaradandır ömrü boyu qonağsız.
Varsa sual davamını de gəlsin.
Qulamhüseyin Şabrani.
Bir atadır, on ikidir balası,
Dərdləri böyükdür yoxdur çarası,
Nə kitabdır yoxdur cızma qarası,
Bilirsənsə cavabını de gəlsin.
İdris Babayev
Tək bir ildir, on iki ay balası.
Dərdlərinin tapılmayır çarası.
Alın yazım yoxdu cızma qarası.
Varsa sual davamını de gəlsin.
Qulamhüseyin Şabrani
Bir saraydır içində beş otağı,
Hər otaqda üç dənədir yatağı,
Bu sarayın söylə neçə dayağı,
Bilirsənsə cavabını de gəlsin.
İdris Yardımlı.
Saray əldir içində beş barmağı.
Hər barmağın üç bəndi, üç oynağı.
Bu sarayın bircə qoldur dayağı.
Varsa sual davamını de gəlsin.
Qulamhüseyin Şabrani
Nukərini salan dərdə,məlalə,
Təhrik edən mala,mülkə cəlalə,
O,nədir ki,salıb min cür xəyalə,
Bilirsənsə cavabını de gəlsin.
İdris Yardımlı.
İdrisəm düşmüşəm dərdə məlala.
O, nəfsimdir təhrik edər cəlala.
O, şəhvətdir salar min cür xəyala.
Hacı, varsa davamını de gəlsin.
Pressaz.az