Qafqaz uğrunda döyüş – FOTO

Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə dövlətimizin başçısının regionun, bütünlükdə isə dünya ilə bağlı narahatlığının izharı idi. Azərbaycan-Rusiya münasibətləri, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə, Azərbaycan-Ermənistan, Azərbaycan-Fransa və Azərbaycan-ABŞ arasında münasibətlərin diplomatik səviyyələrdə səciyyəsini meydana qoyan İlham Əliyev fərdi üslub, tərz, dəst-xət səpgisində ümumi müşahidələrin doğru-dəqiq təhlilini verir. Həqiqətən, hazırda Gürcüstan uğrunda döyüş gedir. Elə bir döyüş ki, onun Azərbaycana təsiri şübhəsizdir. Rəsmi Bakı məhz buna görə Gürcüstan amilinə böyük əhəmiyyət verir, dövlətimizin başçısı orada yaşananların göründüyündən daha geniş mahiyyət daşıdığını vurğulayır.
Qafqaz uğrunda döyüş amansızdır. Qalib gəlməyə çalışan Qərb bütün riyakarlıqları ilə Gürcüstana köklənib və onun yanaşması demokratik prinsipləri heçə saymaqdır. Qərb, nəyin bahasına olursa-olsun, gürcü iqtidarını devirmək və özünə sərfəli qüvvələri hakimiyyətə gətirmək barədə düşünür və planlarını reallaşdırmaqda israrlıdır.
Prezident İlham Əliyev müsahibəsində Gürcüstandakı vəziyyətin hazırkı məcraya düşməsinin daxili səbəblərinə aydınlıq gətirib. Bu səbəblər gözlər önündə Azərbaycanın keçdiyi yolu canlandırır. Axı indi Gürcüstanda aranı qarışdırmaq istəyənlər bir vaxtlar ölkəmizdə də “aktivlik” göstərir, vətəndaş qarşıdurmasın yaratmağa, xalq–hakimiyyət vəhdətini pozmağa çalışırdılar. Məqsədləri özlərinə sərfəli marionet iqtidar formalaşdırmaq idi. Elə bir iqtidar ki, direktivləri və əmrləri sorğu-sualsız yerinə yetirsin, istənilən an avantüra üçün alətə çevrilsin. Bir sözlə, hazırkı Ermənistan kimi bir quruluş yaratmaq eşqinə düşmüşdülər. Amma bacarmadılar və onlar indi Gürcüstanda təşəbbüsə yiyələnməklə, Ermənistanla yanaşı, bu ölkəni də təsir altına alıb saxta demokratiya tandemi formalaşdırmaq iddiasındadırlar. Tandemi Azərbaycana qarşı qoymağı, ondan regional layihələr baxımından ölkəmizə təzyiq vasitəsi kimi bəhrələnməyi düşünürlər. Əlbəttə, məqsədlərinə çatmaları mümkünsüzdür. Prezident İlham Əliyevin fikirləri də buna əminlik yaradır: “Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin”.
Prezident İlham Əliyev davamlı sülhə nail olunmasında məsələnin birdəfəlik həlli üçün nə etmək lazım gəldiyini aydın şəkildə açıqlayır. Bunun üçün Ermənistan öz Konstitusiyasında dəyişiklik etməlidir. Əks təqdirdə, Ermənistan Konstitusiyası indiki formada qalarsa, sülh sazişi yarımçıq və qısamüddətli olacaq. Növbəti illərdə Azərbaycanla sülhə qarşı çıxan hər hansı yeni Ermənistan rəhbərliyi sazişin hüquqi cəhətdən daha üstün olan konstitusiyaya uyğun olmadığını əsas gətirərək onu denonsasiya edəcək. Buna görə, yeni münaqişələrə zəmin verməmək üçün heç bir hüquqi boşluğa yer verilməməlidir: “Erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. Birincisi, öz Konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir”.
Müsahibədə yer alan əhəmiyyətli məqamlardan biri də COP29-un nəticələri ilə bağlı idi. Bu cür mötəbər tədbirə ev sahibliyi edən Azərbaycanın dövlət başçısına belə bir sualın ünvanlanması gözlənilən idi. COP29 dünyanın ekoloji baxımdan, iqlim təhlükəsizliyi fonunda təhlükəsizliyini düşünən platformadır. Dünyanın yaşıl enerji ilə təminatında bu tədbirin keçirilməsinin müstəsna əhəmiyyəti oldu. Azərbaycan neft və qaz hasilatından əldə etdiyi gəlirləri yaşıl enerjiyə yatırdı, qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirdi, dövlət başçılarını bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırdı və bu çağırış bu gün də davam edir.
Yeni geosiyasi reallıqları Azərbaycan özü yaratdı və yaratdığı bu yeni reallıqlarla regionun təhlükəsizliyinin yeganə təminatçısı olduğunu bütün dünyaya göstərdi. Azərbaycan suverenliyini tam şəkildə təmin etdi, xarici təzyiqlərə və həmlələrə baxmayaraq, siyasi iradəsindən dönmədi və qətiyyət nümayiş etdirdi. Bu gün Azərbaycan regionun söz sahibidir. Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə elə bir geosiyasi reallıq yarandı ki, əldə edilən bu tarixi nailiyyətlə Azərbaycan Türk dünyası arasındakı tarixi körpünün daimiliyini təmin etmiş oldu. Sözün həqiq mənasında Türk dünyası arasındakı körpünü məhz Azərbaycan oynayır. Azərbaycan yeni marşrutlar qovşağıdır ki, bu da Azərbaycanla səmimi münasibətləri və tərəfdaşlığı qaçılmaz edir. Bundan başqa, yaranan yeosiyasi reallıqlar post-sovet ölkələri üçün qlobal güclərlə, neokolonist dövlətlərlə münasibətlərin qurulması istiqamətində Azərbaycanın model dövlət olduğunu sübut etdi və göstərdi ki, dövlətlərarası münasibətlər yalnız və yalnız milli maraqlara söykənməlidir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.