QƏHRƏMANLAR HEC VAXT UNUDULMUR – PƏRVİZ AĞALAR OĞLU MUSAYEV
Allahın insanlara göndərdiyi müqəddəs “Qurani-Kərim”də buyurulur: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz”. Şəhidlik ölümlərin ən şərəflisidir.
Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Bizim hər birimizin ən böyük arzusu qələbədir. İşğal olunmuş torpaqlarımız, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Xalqımız inanır ki, qeyrətinə arxalandığımız, ümidimizi bağladığımız igid oğullarımız bu torpağı xilas edəcəkdir.
Qarabağ uğrunda hərbi əməliyyatlarda iştirak edənlərin böyük əksəriyyəti orduya könüllü olaraq qoşulan Azərbaycan vətəndaşları olub. Onlardan biri də Pərviz Ağalar oğlu Musayev idi. P.Musayev 9 noyabr 1970-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında – Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Hələ uşaq ikən ailəsi Bakı şəhərinə köçərək, Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşıb. Pərviz də orta təhsilini buradakı orta məktəbdə alıb. 1986-cı ildə natamam orta təhsilini başa vuraraq, Bakı şəhəri 54 saylı texniki peşə məktəbinə daxil olub. 1989-cu ildə məktəbi bitirərək “Yol maşınları təmiri çilingəri” peşəsinə yiyələnib. Elə həmin il hərbi xidmətə yollanıb. Rusiya Federasiyasının Murmansk vilayətinin Severemorsk şəhərində dəniz qoşunlarında xidmət edib. 1991-ci ildə əsgəri xidmətini başa vuraraq, Vətəninə qayıdıb.
Ölkəmizin erməni təcavüzü ilə üzləşməsi, torpaqlarımızın işğal olunması, vətəndaşlarımızın öz el-obasından didərgin düşməsi gənc Pərvizi daxilən narahat etdiyindən, o, 1991-ci ilin noyabrında evdəkilərdən xəbərsiz müdafiə nazirliyinə müraciət edib. Könüllü olaraq Azərbaycan Ordusu sıralarında düşmənə qarşı vuruşmaq istədiyini bildirib. Onun bu istəyi qəbul olunub və təyinatla cəbhə bölgəsinə göndərilib. Döyüşlərdə göstərdiyi şücaəti nəzərə alan komandanlıq, ona əvvəlcə baş çavuş, sonradan isə gizir hərbi rütbəsi verib. Pərviz peşəkar hərbçi kimi tabeliyində olan əsgərlərlə birgə ən çətin əməliyyatlara göndərilib. O, erməni qəsbkarlarına qarşı mərdliklə vuruşaraq hər dəfə komandanlığın etimadını doğruldub. Elə 1992-ci il yanvarın 25-də keçirilən Daşaltı əməliyyatına da məhz bu səbəbdən cəlb edilib. Lakin ağır keçən döyüşdə Pərviz bir çox silahdaşlarını itirməklə yanaşı, özü də yaralanıb. Döyüşçülərimiz tərəfindən hərbi hospitala çatdırılan Pərviz uzun müddət müalicə alıb.
Tam sağalandan sonra təkrar ön cəbhəyə qayıtmaq istəsə də, ona Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində orduya yazılan gəncləri hazırlaşdırmaq tapşırılıb. Öz hərbi bilik və bacarığını həvəslə çağırışçılara öyrədən Pərvizin tabeliyində 150 gənc əsgər olub. Bir aydan sonra həmin gənc çağırışçılardan 130-u Kəlbəcər istiqamətində gedən döyüşlərə göndərilib. Bunun ardınca isə onun özü 20 əsgərlə birgə Kəlbəcərə yollanıb. Hərbçi yoldaşlarının rəğbətini qazanan Pərvizin son döyüşü 1992-ci il iyun ayının 2-də olub. Həmin vaxt Kəlbəcərin Ağdaban kəndinə düşmən hücuma keçib. Hücumun qarşısını alarkən Pərviz Musayev qəhrəmancasına həlak olub. 22 yaşlı gəncin cənazəsi Bakıya gətirilib. 1992-ci il iyun ayının 3-də Bakının Səbayel rayonundakı Zabitlər Evində onunla vida mərasimi təşkil edilib. Bunun ardınca Pərviz Musayev müqəddəs ruhların uyuduğu Şəhidlər Xiyabanında dəfn edilib.
Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar.
Bu gün Azərbaycanda yaşayan öz vətəninə, xalqına bağlı olan hər kəs unutmamalıdır ki, işgal edilmiş Qarabağ torpaqlarımız – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən tapdağı altındadır. Müstəqil Azərbaycanımızın torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli milli ordumuz xalqla birlikdə ayağa qalxıb, öz torpaqlarını azad edəcək, müqəddəs şəhidlərin ruhları qarşısında öz vicdan borclarını verməklə millətin yaşamaq hüququ olduğunu sübut edən zəfər marşını çalacaqlar. O günə çox qalmayıb…