Məmməd Qədir:”CƏNAB GENERAL”   (Əfsanəvi general Polad Həşimova)

            CƏNAB GENERAL 

 (Əfsanəvi general Polad Həşimova)

Eheyy… odlar yurdu, odun sönməsin,
İşığın odundan üzü dönməsin,
Ucaltdığın bayraq göydən enməsin,
Qanınla etdin həkk, cənab general, 
Məqamın mübarək, cənab general!

 

Üzün nur saçırdı, zəhmin yox idi,
Amma yağılara rəhmin yox idi,
Dərrakən dərindi, fəhmin çox idi,
Etmişdin haqqı dərk, cənab general, 
Məqamın mübarək, cənab general!

 

Ay-ulduz işıqlı, mənim boz qurdum,
Sənə söykənmişdi müzəffər ordum,
Hər kəsdə olsaydı, cənnətdi yurdum,
Səndə olan ürək, cənab general,
Məqamın mübarək, cənab general!

 

Bir an haqq yolundan dönmədin geri,
İmarət bilirdin soyuq səngəri,
Necə qoruyurdun yurdu, əsgəri,
Gözün bəbəyi tək, cənab general, 
Məqamın mübarək, cənab general!

 

Ulduzlar içrə ən parlağı idin,
Mərdlik libasının yarlığı idin,
Varlığın çoxunun varlığı idi,
Yoxluğun “haqqa” şəkk, cənab general, 
Məqamın mübarək, cənab general!

 

Ağla, Dəli Domrul, ey Dəli Həsən,
Çəkmək el yükünü deyildir asan,
Sən elə müqəddəs ucalıqdasan,
Çatmaz huri-mələk, cənab general,
Məqamın mübarək, cənab general!

 

Nağıl həyatına odanı yazdın,
Sönmüş ocaqlara odunu yazdın,
Ölməzlər fövqündə adını yazdın,
İmzaladı fələk, cənab general,
Məqamın mübarək, cənab general!

 

               ŞƏHİDLİK 

Göyə ucaltdığı el-obasının,
Çiynindən asılıb gedirdi şəhid.
Bağrına basdığı qız balasının,
Bağrına qısılıb gedirdi şəhid.

 

Ana özü boyda suala dondü,
Qatlanıb sındı ki, yarıdan yarı.
Atalı dünyanı torpağa gömdü,
İki qız balası, oğul nübarı.

 

Şəklindən süzülüb axırdı qanı,
Qarışıb qızların yanaqlarıyla.
Gözündən süzülüb gedən dünyanı,
Silirdi qardaşı barmaqlarıyla.

 

Barmaqlar yumulub yumruq olurdu,
Yumruqlar sabahın mesajı idi.
Qardaş göz önündə yaşa dolurdu,
Bu Vətən onun da baş tacı idi.

 

Şəhid övladıyam, pir oğluyam, pir,
Qisas almayınca ürəyim gülməz.
Onun cismi məndə, ruhu məndədir,
Dünyası dəyişər, şəhidlər ölməz.

 

Şax dayan, günahdı göz yaşı tökmək,
Şəhidlik,- Allaha şəhadət budur.
Qanıyla sulayıb, canıyla əkmək,
Vətənə, torpağa ibadət budur…

 

 

Pressaz.az