Püstə Rəvanın söz dünyasından….FOTO

             MÜBARƏK OLSUN

Kimimsən, nəyimsən bilmirəm mənim?!
Gəldin sən ömrümə, azaldı dərdim.
Sənin yolunu mən xeyli gözlədim,
Gəlişin ömrümə, mübarək olsun.

Bir zülmət qaranlıq içindəydim mən,
Bilmirdim neyləyim dərdin əlindən.
Sən qəlbimə işıq saldın qəfildən,
Gəlişin ömrümə, mübarək olsun.

Neyləyim çok sevir bu ürək səni,
Xəstə ürəyimin sənsən məlhəmi.
Həyata gəlişin qaytardı məni,
Gəlişin ömrümə, mübarək olsun.

Qoy Tanrı xoşbəxtlik bəxş etsin sənə,
Sən onu necə ki, gətirdin mənə.
Mən qurban kəsərəm qədəmlərinə,
Gəlişin ömrümə, mübarək olsun.

      GECƏNİ BALAM
KİMİ BASDIM BAĞRIMA.

Gecənin qaranlıq səssizliyində,
Doymadan, seyr etdim ulduz selini.
Bəlkə də kim bilir sən də mənim tək,
Gecənin tutubsan bomboş əlini.

Qəribə dünyadır, qəribə həyat,
Silinməz yaddaşdan ötən bircə cağ,
Yurd salıb qəlbimdə pərişan aylar,
Hər gecə onlara açıram qucaq.

Qoyubsan yadigar xatirələri,
Hara qaçıramsa, boylanır acım.
Dalğa-dalğa səhər gəlir üstümə.
Gecələr fikirli olub əlacım.

Ürəyim ağlama, ağlama bəsdi,
Baxıb köks ötürmə, ötən keçmişə.
Danışma sevgidən heç yeri deyil,
Tutursan niyə yas, olub bitmişə.

Sevə bilməz ruhum daha heç kimi,
Məlhəm olmaz kimsə, acı-ağrıma.
Ağlaya – ağlaya kor oldu gözüm,
Gecəni balam tək basdım bağrıma.

                   ANA

Allah dərgahında öz məqamın var,
Bu məqam İlahidən bəyandır, Ana.
Quranda adınla bağlı kəlamlar,
İzzətindən aşkar nişandır, Ana!

Sənin haqqı-sayın hesaba gəlməz,
Cəm olsa alimlər əsla ölçülməz.
Borcunu bir kimsə qaytara bilməz,
Çünki o sonsuz bir ummandır, Ana!

Qoşulsa da min-min mahnıya bəstə,
Ahənginə nisbət olmaz heç səsdə.
Şah əsəri olan nadir şikəstə,
Həzin səsindəki laylandır, Ana!

Sən bizə həsr etdin ömrünü bütün,
Ömrümüzə nurdur hər bir öyüdün.
Təmiz ruzi olan o halal südün,
Nisbətdə kövsəri-Rizvandır Ana!

Ağarsa da saçın, artsa möhnətin,
Tükənməz övlada qayğın, şəfqətin.
Məlhəm nəvazişin, şirin söhbətin,
Nisgilli qəlblərə dərmandır, Ana!

Ey ana! Şəninin küllü-məxluqat,
Əslində acizdir, əzmindəsə mat.
Eyləyərsə kimsə bunca tərtibat,
Yeganə alimi-ürfandır, Ana!

Püstə qarşında müntəzir quldu,
Hər cəfana dözmək ona qəbuldu.
Sənli keçən ömrü nura qərq oldu,
Sənsiz könül mülkü virandır Ana!

 

DƏRDLƏRƏ DƏRMAN OLMUŞAM

Dərdimə dərman üçün, dərdlərə dərman olmuşam,
Sanki yer-göy dəyişib, dostlara yad olmuşam.

Nə gecəm var, nə gündüzüm, taleyi bərbad olmuşam,
Ah-uf mənə dost olubdu, dostlarım qalibdı dala,
Dərdimə dərman üçün, dərdlərə dərman olmuşam!

Nə günüm nə gündüzüm, ömür sona çat-ha-çatda,
Yağışı, tufanı var, aralığı qathaqatda,
Gözündə hər şey qaranlıq azacıq yathayatda,

Ah-uf mənə dost olubdu, dostlarım qalıbdı dala,
Dərdimə dərman üçün, dərdlərə dərman olmuşam!

Püstə dünya dönüb, dünyadan kam almadım,
Deyirdim zaman gələr, kimsədən geri qalmadım,

Hər kimdən qiymət alıb, əbədi mən yadda qaldım,
Ah-uf mənə dost olub, dostlarım qalıbdı dala,
Dərdimə dərman üçün, dərdlərə dərman olmuşam!

AYB-nin, AJB-nin üzvü
Şair publisist “YURD”
jurnalılın redaktor
müavini PÜSTƏ RƏVAN