Püstə Rəvanın söz dünyasından… FOTO
ARZULAR MƏNİ
Arzular, arzular günəş nurudu,
Arzular bir ömrün, ömür yoludu,
Səhərlər göylərin açıq havası,
Ürəyin oxuyan ən xoş nəvası,
Arzular, arzular, arzular məni!
Xəyala dalıram, dünya yamyaşıl,
Göylərdə bolluca bulud qaynaşır,
Vətənin hüsnünə mahnı yaraşır,
Yazıram – pozuram, anıram səni,
Qaldırır göylərə arzular məni!
Qolumda bir elin əyilməz gücü,
Göylərə yüksəlib bayrağı-bürcü,
Elimdən alıram ilhamı gücü,
Qoparıb göylərə aparır məni,
Arzular, arzular, arzular məni!
GƏLMİŞƏM
Məni dərdin bax qocaltdı vədəsiz,
Səndən-sənə şikayətə gəlmişəm.
Deyim necə daha səbrim qalmayıb,
Səndən-sənə şikayətə gəlmişəm.
Demədin heç pərvanəydi başıma,
Baxmırsan heç gözdən axan yaşıma.
Qırov düşüb baxırsanmı başıma?
Səndən-sənə şikayətə gəlmişəm.
Könlüm sənsiz buz bağladı, borandı,
Xəzan vuran gülşənimdi, barımdı.
Sən verdiyin qüssə mənim payımdı,
Səndən-sənə şikayətə gəlmişəm.
Püstə deyər, könlümdəki diləyi,
Görüm belə beli sınsın fələyin.
Səndən başqa kimə edim gileyi,
Səndən-sənə şikayətə gəlmişəm.
HƏSRƏT
Tellərimdə səni daraqlayıram,
Dilimin ucunda dayanıb adın,
Ürəyimdə səni varaqlayıram,
Sən mənim eşqimin möhkəm qanadı.
Tellərimdə mənim çoxdan yatırsan,
Sən mənim qəlbimdə alovlanırsan,
Gözlərimdə mənim yaşa dolursan,
Mən özüm deyiləm, məndə yanırsan.
Sənin gülüşlərin mənim üzümdə,
Ayımda, günümdə, ömür yolumda,
Gedirsən məndən çox uzaqlara,
Alqışlayır məni sağım, solumda.
Bu yol da bilirəm, bu arzularla,
Sevgilim sıninlə boşa çıxaxaq,
Sənə qarşı çıxmaq məni yıxacaq.
Od tutub cəsədim külə dönəcək,
Həsrətli gözlərim məni üzəcək.
PÜSTƏ RƏVAN – media.info.az