Püstə Rəvanın söz dünyasından…
GEDƏYDİK GÜLÜM
Bu ömrümü ocaq kimi yanmışam,
Anasızam, ömrüm boyu donmuşam
Bu dünyanı indi – indi danmışam,
Kaş uzaq ellərə gedəydik, gülüm.
Ömrüm boyu bir daş altda inlədim,
Ağlar qaldım bu ömrümü bilmedim,
Bu dünyada bircə dəfə gülmədim,
Kaş uzaq ellərə gedəydik, gülüm.
Uzağa, yaxına od ələnibdi,
Anam sağ olanda üzüm gülübdü,
O, vaxtdan elə bil dünya dönübdü,
Kaş uzaq ellərə gedəydik, gülüm.
Ahu – zar əlindən ev qaralıbdı,
Gecədə-gündüzdə qan qaralıbdı,
Elə bil ağzımda dilim yanıbdı,
Kaş uzaq ellərə gedəydik, gülüm.
Püstə, bu həsrətin tükənər nə vaxt,
Yaradan yaradıb Allaha pənah,
Püstə, sən ağlama, dəyişib növraq,
Kaş uzaq ellere gedeydik, gülüm.
ÖTƏN İLİM
Mən sənin nəğmənin əks sədası,
Könlünün tükənməz arzularıyam,
Qışında bir ilıq payız havası,
Yayında bir sərin quzey qarıyam.
Gecə zülmətində qaranlığında,
Qəfildən parlayan qəmərinəm mən,
Kədərli çağında, qəmli çağında,
Dərdini dağıdan xəbərinəm mən.
Səadətli keçən illərinəm mən,
Mənsiz itirirsən bu səadəti,
Günəşə üzanan əllərinəm mən,
Məndədi qəlbinin od hərarəti.
Mən sənin yaşanmış dəqiqələrin,
Hələ yaşanacaq ayın – ilinəm,
Mən sənin məhəbbət adlı əsərin,
Sevgi yollarında ötən günəşəm.
Püstəyəm, söyləyin mümkünmü məgər?
Hər şeyi söyləmək çətindi-çətin,
Axı necə deyim dağlar- dərələr,
Kiçik zərrəcikdir əbədiyyətin.
AY ÖMRÜM GÜNÜM
Gözümdə xəyalsan, ürəkdə sevgi,
Baxıram hər yana ürək sevinir,
Səni görəndə mən nurlar saçılır,
Mənalı baxışla ay ömrüm günüm!
Taleyə açılan nurlu qapımsan,
Dolmusan könlümə ay ömrüm günüm,
Sevginlə günümü mənə yaşadan,
Mənə həyat verən ay ömrüm günüm!
Qəlbimdən tökülən söz inci-inci,
Qüssədən, kədərdən uzaqlaşıram,
Ürəyimdə gəzir sevgin söz kimi,
Səni hər görəndə uşaqlaşıram!
Payla öz sevgini payla könlümə,
Qoy yayılsın ətrin ömrümə mənim,
Ömrümə tökülür söz inci kimi,
Səninlə xoşbəxtəm ay ömrüm günüm!
PÜSTƏ RƏVAN -Pressaz.az