Püstə Rəvan: “Xəbər al məni”…

              XƏBƏR AL MƏNİ
Olmasam dünyada, deyib gülməsəm,
Göylərdən, yerlərdən xəbər al məni,
Gəz bu dünyanı, axtarsan məni,
Elimdən obamdan, xəbər al məni.

Bəyaz gecələrdə nəğmə oxuyan,
Yerlərə nəğməmi, göydən toxuyan,
Fəxr edən ürəklər, yandırıb yaxan,
Odlu misralardan, xəbər al məni.

Susa bilmir yenə dodağım-dilim,
Adicə əlimə yatmayır qələm,
Dünyada sən varsan, bilirəm gülüm,
Tək qalan rəsmimdən, xəbər al məni.

Hünər meydanında, hünər göstərən,
Yaxşılıq eyləyən, düşmən küstürən,
Yığışıb kəsdirən, yolu gözləyən,
Şair dostlarımdan, xəbər al məni.

Məndən sevgi istə, budur doğru yol,
Çalış əməlinlə mənə bənzər ol,
Yazdığım misralar sevgidi bol-bol,
Ruhumu sən çağır, xəbər al məni.

Sevirəm mən səni, unutmaz ürək,
Bizim sevgimizi yaşadaq gərək,
Gəzdiyim torpaqda döyünür ürək,
Bəxtiyar insandan, xəbər al məni.

Dünyaya doğuldum, məhəbbət ilə,
Bu torpağı sevdim səadət ilə,
Əbədi gülərüz bir sevgi ilə,
Tanıyandan dönüb, xəbər al məni.

Sevən ürəklərdən, sevən gözlərdən,
İnsana məhəbbət hörən sözlərdən,
Burda Vətənimdə qalan izlərdən,
Vətən torpağından, xəbər al məni.

 

PÜSTƏ RƏVAN – Pressaz.az