Püstə Rəvan: Mənim sonsuz fikirlərim…
MƏNİM SONSUZ FİKİRLƏRİM
Şer yazma kitab dolsun,
Şer yaz ki, insan duysun,
Şer yazma söhbət olsun,
Şer yaz ki, ürəklərə,
Sevinc dolsun, fərəh dolsun.
Qazanma sirr sirrin olsun,
Saxta sirrin vaxtı çatsın,
Vermə əzab insanlara,
Eylə kömək xoşbəxt olsun.
Püstə tələsmə pisliyə,
Səbirli ol əsəb sönsün,
Saxlama dərd, dərd gətirə
Unut dərdi sevinc gülsün.
Danışma çox səhvin olsun,
Eylə sükut ağlın olsun,
Şer yaz ki, dərdin sönsün,
Səbirli ol, yol göstərsin.
ALA BİLMƏDİM
Od tutub kədərim yanır içimdə,
Alışa bilmirəm, yana bilmirəm.
Birdəfəlik ölüm gəlsə üstümə,
Vallah bu ölümsüz qala bilmirəm.
Düşüb sənin eşqin mənim qəlbimə,
Heç kəsə, heç nəyi deyə bilmirəm.
Tutub ürəyimi, tutub qəlbimi,
İnan ki, gecələr yata bilmirəm.
Ürəyimdə vallah keçən günümdü,
Saydığım saatlar ötən ömrümdü.
Yaşadan da məni sənin eşqindi,
Alışmışam sənə dözə bilmirəm.
Gəl başına dönüm qalma uzaqda,
Heç kəsi daha mən sevə bilmərəm.
Alışmışam sənə, sənə yanmışam,
Bir daha ömrümdə sənsiz gülmərəm.
Əllərimi tutub apar hər yana,
Divanə eşqimlə qala bilmirəm.
Gəlib ürəyimə, gəlib günümə,
Səni mən qəlbimdən silə bilmirəm.
Od tutub ürəyim, yanır sinəmdə,
Bu eşq ilə sənsiz qala bilmirəm.
Dönürəm sükuta səni görəndə,
Sənin mən qəlbini ala bilmirəm.
Püstəyəm, yaşadım ağrılar duydum,
Kor etdi gözümü düşdü dilimdən.
Köməksiz məhəbbət oydu qəlbimi,
Ömürlük sevinci aldı əlimdən.
Pressaz.az