Prinsipial əhəmiyyət daşıyan əməkdaşlıq istiqaməti – FOTO
Azərbaycanın minilliklərə gedib çıxan dövlətçilik ənənəsi mövcuddur. Bu qədim ənənə siyasət və diplomatiyanı da zənginləşdirib. Dövlətçilik tariximizdə kifayət qədər nümunələr vardır ki, xarici və daxili siyasətin uğurlarını ifadə etmək mümkündür. Azərbaycanda dövlətçiliyin təkamülünə şübhəsiz ki, onun coğrafi mövqeyi də ciddi təsir göstərib. Ölkəmiz tarixi İpək Yolunun üzərində strateji mövqeyə malikdir. O, daim böyük dövlətlərin maraq dairəsinə daxil olub. Bundan başqa, Azərbaycanın özünün daxili mühiti olduqca zəngindir. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri taleyin hökmü ilə yanaşı yaşamalı olublar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev uzaqgörən, düşünülmüş və yeni siyasi reallıqları ən xırda elementlərinə kimi nəzərə alan xarici siyasət strategiyası gənc Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sisteminə layiqli yerini tutmasını şərtləndirmişdir.
2003-cü ildən keçən 20 il ərzində Ümummilli lider Heydər Əliyevin siyasi kursunu dinamik şəkildə və uğurla inkişaf etdirən Prezident İlham Əliyev tərəfindən çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 20 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir.
Bu illərdə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün Yekun Bəyannaməsində də Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti öz əksini tapdı.
Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında da Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu olmuşdur. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bununla yanaşı, üzvlərinin sayına görə BMT-dən sonra dünyada böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının, oktyabrın 25-26-da Bakıda keçirilən XVIII Zirvə görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Zirvə görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən mühüm hadisə oldu. Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur. Bununla yanaşı, son vaxtlar ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər son 20 ildə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəltmişdir.
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.