Prezident İlham Əliyevin Azərbaycan səhiyyə sistemində apardığı uğurlu islahatlar

Səhiyyə sahəsində aparılan islahatlar təkcə Azərbaycanda deyil, dünyada da artıq yüksək qiymətləndirilir. Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır.

Azərbaycan səhiyyəsinin əvvəlki illərdə və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Ardıcıl surətdə həyata keçirilən profilaktik tədbirlər sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındı.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.

Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.

Kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görülür və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdirilir.

Bunlar dövlətimizin başçısı tərəfindən əhalinin sağlamlığının daha etibarlı qorunması naminə müəyyən etdiyi vəzifələrdir. Şübhə yoxdur ki, Azərbaycanın dinamik iqtisadi inkişafı səhiyyə işçilərinə bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan yaradacaqdır.

                                                                                  Beyləqan rayonu MX Baş Həkimi Əli Məmmədov