Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra açılışlarda iştirak ediblər – VİDEO

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun açılışında iştirak ediblər.

Pressaz.az xezerxeber.az-a istinadən xəbər verir ki , bu ilin fevral ayında tikintisinə başlanılan yeni yolun uzunluğu 1310, eni 18,5 metrdir. Yol birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolağından ibarətdir. Yolun tikintisi zamanı elektrik, rabitə, qaz xətləri dəyişdirilib, transformator məntəqələri köçürülərək yenidən tikilib. Yolboyu işıqlandırma sistemi, yol nişanları, göstərici lövhələr quraşdırılıb. Bu yolun inşası nəticəsində Bakı Dairəvi avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsi arasında yeni bağlantı yaranıb. Beləliklə, nəqliyyat vasitələri Badamdar şosesindən istifadə etmədən birbaşa Şərifzadə küçəsinə və Bakı Dairəvi yoluna çıxa biləcək.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak ediblər. Kompleksin layihələndirilməsi həyətyanı sahələrin, uşaq meydançalarının olmasına, ərazilərin yaşıllaşdırılması və abadlaşdırılmasına xüsusi diqqət yetirilir. Kompleksdə mənzillərin ümumi sayı 1843 ədəddir. Burada 324 birotaqlı, 1052 ikiotaqlı, 467 üçotaqlı mənzil var. Mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir.

Bakı Nəqliyyat Agentliyi tərəfindən yaşayış kompleksinə şəhərin 4 müxtəlif istiqamətində marşrut xətlərinin açılması nəzərdə tutulub. Kompleksin ərazisində 161 saylı tam orta məktəbin binası da inşa edilib. 960 şagird yerlik tam orta məktəbdəki 36 sinif otağının hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Burada, həmçinin 6 tədris laboratoriyası şagirdlərin istifadəsinə veriləcək.

Sonra Prezident və xanımı kompleksin ərazisində inşa edilən 240 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq və yaşıllıq işləri görülüb.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaşayış kompleksinin ümumi sahəsi 15,4 hektar olacaq növbəti mərhələsinin təməlqoyma mərasimində iştirak ediblər. Bildirilib ki, kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək. Prezident İlham Əliyev yeni yaşayış kompleksinin təməlini qoyub. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur.

Dövlət başçısı və xanımı Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadratmetr sahədə yaşıllıq salınıb. Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti meydançaları salınıb, oturacaqlar qoyulub, dekorativ hasar çəkilib. Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub. Burada, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: