Prezident İlham Əliyev: Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq

Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq.
Bu fikirləri Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib. “Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək.
Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”, – dövlət başçısı bildirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan Forum “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” kimi çox aktual bir mövzuya həsr olunub. Qeyd edək ki, budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. İldən-ilə əhatə dairəsini genişləndirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Bakıda təşkil olunan, dünya üçün çox aktual məsələlərin müzakirə edildiyi tədbirlərə maraq da artmaqdadır. Bu tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, aparıcı beyin mərkəzləri və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı qarşıya qoyulan hədəflərə çatmaq yollarının tapılmasında mühüm əhəmiyyət daşıyır. Bu gün kataklizmlərlə çalxalanan beynəlxalq aləmdə bu problemlərdən çıxış yollarının tapılması ən ümdə vəzifə kimi ön planda tutulur. Təbii ki, Bakının bu məsələdə öncül yerlərdən birinə sahib olması onun COP29, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlara sədrliyi ilə mütənasiblik təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin Forumda bir çox aktual mövzulara həsr olunan çıxışı isə həm ölkəmiz, həm də bölgəmizlə bağlı bir çox reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan Prezidenti bölgədə sülh danışıqlarına maneə yaradan təşkilatlar və mərkəzlər haqqında da Forum iştirakçılarını məlumatlandırıb. Onun sözlərinə görə, Donald Trampın qələbəsinə qədər Ermənistanın ağaları Dövlət Departamenti, USAID idisə, indi Brüsseldir: “Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Mən onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım Nensi Pelosi və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar. Beləliklə, biz Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. Həmçinin, biz USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırıq. Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib. Biz əlimizdə olan bütün informasiyanı təqdim etməyə hazırıq”.
Forum Azərbaycanın beynəlxalq arenada sülh təşəbbüslərinin, multikulturalizmin və dayanıqlı inkişafın təbliğində oynadığı rolu daha da möhkəmləndirir. XII Qlobal Bakı Forumu göstərdi ki, Azərbaycan yalnız regionun deyil, həm də qlobal əməkdaşlıq məkanının mühüm oyunçusudur.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.