Prezident İlham Əliyev bir sıra beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə görüşüb – VİDEO

Prezident İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Pressaz.Az Xezerxeber.az- a istinadən xəbər verir ki,  dövlətimizin başçısı Miroslav Layçak ilə Davosdakı qısa görüşünü məmnunluqla xatırlayaraq, onun ölkəmizə bu səfərinin regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən edilmiş prioritetlər barədə dövlətimizin başçısına məlumat verərək, bu sırada münaqişələrin qarşısının alınmasının və vasitəçiliyin mühüm yer tutduğunu diqqətə çatdırdı, bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə vermək əzmində olduqlarını deyib.

Ölkəmizin ATƏT-ə üzvlüyə böyük önəm verdiyini deyən dövlət başçısı Azərbaycanın həm bu təşkilat çərçivəsində, həm də təşkilata üzv olan dövlətlərlə fəal iş apardığını və səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan prezident İlham Əliyev bu münaqişənin uzun illərdir ki, davam etdiyini və Azərbaycan ərazilərinin bütün beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozularaq Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyini qeyd edib.

Prezident İlham Əliyev bu gün həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər çox uğurlu əməkdaşlığın davam etdiyini bildirərək, ümumi dəyəri 3,5 milyard dollardan artıq olan layihələrin həyata keçirilməsini Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana yaxşı tərəfdaş kimi münasibətinin nümayişi kimi dəyərləndirib.

Suma Çakrabarti dünyada neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycana səfər etdiyini xatırlayaraq, ölkə iqtisadiyyatının bərpa olunaraq inkişafa qədəm qoyması münasibətilə təbriklərini çatdırıb. O, son illər ərzində Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində bir sıra sahələrdə, o cümlədən sərhəd və gömrük xidmətlərində şəffaflığın və səmərəliliyin artırıldığını, vergi sistemində dəyişikliklərin edildiyini, “ASAN xidmət” sisteminin əhatə dairəsinin genişləndirildiyini və digər istiqamətlərdə böyük uğurlar qazanıldığını qeyd edib.

Dövlət başçısı ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini də qəbul edib. Prezident Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və digər sahələrdə çoxşaxəli əlaqələrin mövcud olduğunu qeyd edərək, yüksək səviyyədə həyata keçirilən səfərlərin önəmini vurğulayıb. ölkələrimiz arasında sənaye, energetika, mədəniyyət və digər sahələrdə yaxşı əməkdaşlıq formatının olduğunu bildirib. Səfər zamanı Bakı haqqında təəssüratları barədə xoş sözlərini çatdıran Paolo Qrimoldi ölkələrimizi bir-birinə bağlayan sıx əlaqələrin mövcud olduğunu deyib.

Paolo Qrimoldi iqtisadi sahədə əməkdaşlığımızın inkişafı ilə yanaşı, ikitərəfli münasibətlərimizin siyasi əlaqələrlə də şərtləndiyini deyib və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: