Ölkənin tarixində əbədi olaraq qalacaq əlamətdar hadisə.
Fevralın 14-də hamı tərəfindən gözlənilən o möhtəşəm an baş verdi. İlk növbədə, Azərbaycan xalqı və bütün beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin andiçmə mərasiminə şahidlik etdi. Prezidentin budəfəki nitqi daha çox öz xalqı ilə üz-üzə edilmiş səmimi söhbətə bənzəyirdi. Milli Məclisin tribunasından çıxış edən Prezident sanki öz xalqına həm hesabat verir, narahatçılıq doğan məqamları səsləndirir və həm də gələcəklə bağlı niyyətlərini qeyd edirdi. Ailə başçısı öz övladları ilə səmimi söhbət edirmiş, onlara nəsihətlər verirmiş kimi sanki böyük bir ailənin üzvləri sevincli günü bir yerdə qeyd edirdilər. Azərbaycan mentallığının gözəlliyi və üstünlüyü budur. Milli birliyin kökündə duran dəyərlər budur. Təsadüfi deyil ki, Prezident andiçmə mərasimi zamanı əlini müqəddəs “Qurani-Şərif”ə basaraq məhz bu sözləri dedi: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.”
Prezident nitqində önəmli mesajlar səsləndirməklə Azərbaycanın inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini qətiyyətlə vurğuladı. Bədxahlara, ölkəmizin uğurlarından narahat olanlara isə ciddi xəbərdarlıqlar göndərdi – Azərbaycanın haqq işinə haram qatmaq istəyən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkum olacaq.
Xalqın böyük etimadını qazanmış İlham Əliyevin Prezident səlahiyyətlərinin icrasına başlaması ilə Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu gün biz beynəlxalq hüquq çərçivəsində regionumuzda sabitliyin yaranmasına xidmət edən addımlar atırıq. Əlbəttə ki, özünü beynəlxalq ictimaiyyət adlandıranlar məsələyə ikili yanaşır. Beynəlxalq birlik 200-ə yaxın dövlətdən ibarətdir. Məhz anti-Azərbaycan siyasəti aparanlar ölkəmizə qarşı BMT-də qərəzli qərarlar qəbul etmək istəyəndə beynəlxalq ictimaiyyət onların planlarını pozdu.
Həmin dairələrin regiona burnunu soxmasında məqsəd Cənubi Qafqaza sülhün gəlməsinə mane olmaqdır. Əgər onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə mane olaraq İrəvana birtərəfli üstünlük qazandırmaq istəyirlərsə, bu, mümkün deyil. Özünü vasitəçi kimi təqdim edən qüvvələrin qeyri-obyektiv və beynəlxalq hüququn normalarını ayaq altına atan hərəkətləri nəticəsində Ermənistan yenidən silahlanır və təxribatlara əl atır. Rəsmi İrəvan, ilk növbədə, baş verən prosesləri dəyərləndirməli və nəticə çıxarmalıdır. Bu ölkə reallığı qəbul etməli və Azərbaycanla münasibətlərin normallaşmasına xidmət edən addımlar atmalıdır. Azərbaycan isə bu gün işğaldan azad olunmuş bütün ərazilərində suverenliyini təmin edib və bütün təhlükələri aradan qaldırmağa qadirdir.
Prezident İlham Əliyev andiçmə mərasimində bu məqama xüsusilə toxunaraq İrəvana və onun havadarlarına sərt və aydın mesajlar göndərməyi də unutmadı və Azərbaycanla Ermənistan arasında vasitəçiliyə lüzum olmadığını bəyan etdi. Dövlətimizin başçısı nitqində ordu quruculuğu və xarici siyasət məsələlərinə də toxunaraq növbəti illərdə də bu prosesin davam etdiriləcəyini bildirdi. Azərbaycanda çox güclü hərbi sənaye kompleksinin yaradıldığını vurğulayan Prezident İlham Əliyev nitqində bu sahədə ikinci, daha genişmiqyaslı mərhələnin başlanacağının anonsunu verdi. Bu isə o deməkdir ki, Azərbaycan bundan sonra da regionun ən güclü dövləti olaraq qalacaq və milli maraqlarının müdafiəsini daha yüksək səviyyədə təmin edəcək.
Azərbaycan xalqının yaddaşı yurd yerlərinə möhkəm bağlıdır. Biz otuz il ərzində babalarımızın ruhu dolaşan torpaqlarımızı unutmadıq və nə vaxtsa o yerlərə qayıdacağımıza inandıq. Müzəffər Lider İlham Əliyevin apardığı siyasət xalqın inamını və ümidini daha da möhkəmləndirirdi. Nəhayət, 2020-ci ildə Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Qələbə qazanaraq düşməni tam kapitulyasiyaya məruz qoydu. Tariximizdə əbədi qalacaq bu möhtəşəm Zəfər sayəsində ərazi bütövlüyümüz həri-sityasi yolla bərpa olundu. Bununla da soydaşlarımızın yurd yerlərinə geri dönmələrinə imkan yarandı. Artıq işğaldan azad olunan ərazilərə Böyük Qayıdışa başlanıb və proses davamlı olaraq genişlənir.
Fevralın 7-də Prezident İlham Əliyevin və ailə üzvlərinin səs vermək üçün Xankəndi şəhərini seçmələri isə xüsusi önəm daşıyır. Bir vaxtlar separatizmin yuvasına çevrilmiş Xankəndidə Azərbaycan bayrağının dalğalanması, gerbimizin asılması, Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi adama xəyal kimi görünürdü. Arzularımızı, xəyallarımızı Müzəffər Prezident İlham Əliyev reallaşdırdı.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.