Nizami Qərib:”Şəhidlər” – FOTO

 

ŞƏHİDİN VAR AZƏRBAYCAN

Məhəbbəti coşqun dəniz,
Əqidəsi, yolu təmiz.
Tarixlərə salıbdır iz,
Qulluğunda durub hər an,
Şəhidin var, Azərbaycan!

İsti ana qucağına,
Dalğalanan bayrağına,
Hər bir qarış torpağına,
Deyib: Fəda olsun min can,
Şəhidin var, Azərbaycan!

Nərə çəkdi, usanmadı,
Candan keçdi, can ummadı.
Əsarətə göz yummadı,
Haqsızlığa edib üsyan,
Şəhidin var, Azərbaycan!

Vətən imanı, dinidir,
Zəfər eşqi təmkinidir,
Ruhu cənnət sakinidir,
Xəbər verir sökülən dan,
Şəhidin var, Azərbaycan!

 

                SƏHİDLƏR

Məsum mələklərlə qoşa adınız,
Düşmən niyyətinə məzar qazdınız.
Siz tarix dəyişdiz, tarix yazdınız,
Məqamı göylərdən uca Şəhidlər…

Həsrətlə yaşadıq gör neçə ildi,
Əzminiz işğalçı izləri sildi.
Ər kimi döyüşdüz, düşmən yenildi.
Məqamı göylərdən uca Şəhidlər…

Vətənin açılan sabahısız siz,
Millətin ümidi, pənahısız siz,
Bu xalqın and yeri, qibləgahı siz,
Məqamı göylərdən uca Şəhidlər…

Ötüb dəyişsə də, fəsillər, illər,
Tökür göz yaşını tər qərənfillər.
Sizləri unutmaz gələn nəsillər.
Məqamı göylərdən uca Şəhidlər.

Sınmaz vüqarınız dağ vüqarıdır,
Bu elin, obanın iftixarıdır.
Adınız Vətənin dövlət-varıdır,
Məqamı göylərdən uca Şəhidlər.

Yüksəltdiz Vətəndə zəfər tacını,
Məzlum körpələrin aldız öcünü.
Göstərdiz dünyaya Türkün gücünü,
Məqamı göylərdən uca Şəhidlər.

Düşmən bayrağını torpağa saldız,
Şuşada, Laçında qana qan aldız.
Qəlblərdə taxt qurduz, hər an ucaldız,
Məqamı göylərdən uca Şəhidlər.

 

            ŞƏHİD ANASI

Qara saçlarına vaxtsız düşüb dən,
Yenə də deyirsən “sağolsun Vətən”.
Bircə bunu bil ki, sən tək deyilsən,
Oğluna yer tutur, göy tutur yası,
Başını uca tut, Şəhid anası.

Kövrəlib, dolmağa eyləmə meyil,
Təkcə Yaradana səcdə et, əyil.
Bu kədər tək sənin kədərin deyil,
Övladın bu xalqın, elin balası,
Başını uca tut, Şəhid anası.

Cənnətdə əbədi gəzən də onlar,
Düşmənin başını əzən də onlar,
Qanla yeni tarix yazan da onlar,
Bütün Şəhidlərin safdır mayası,
Başını uca tut, Şəhid anası.

Dağların başı da qara bürünür,
Şehli yamacında duman sürünür.
Zirvələr qarşında kiçik görünür,
Vüqarın əyilməz qeyrət qalası,
Başını uca tut, Şəhid anası.

 

         ŞƏHİDLƏR 

Vətənin adını, uca tutdunuz,
Tarix adınızı silməz, şəhidlər.
Elə bir məqama, gedib çatdınız,
Qürurlu, yenilməz, ölməz şəhidlər.

Bayrağa qatıbdır, qanınız rəngi,
“Şikəstə” bəs edər, çaldıraq cəngi.”
Bir əlində Quran, birində süngü,
Qorxunu tanımaz, bilməz şəhidlər.

Xalqın qan yaddaşı, tarixi, sizsiz.
Günəşdən süzülən işığı, sizsiz.
Yaşlısı, cavanı, uşağı sizsiz,
Azadlıq yolundan, dönməz şəhidlər.

İyirmisi yanvarda, bir tarix yazdız,
Qan ilə qar üstə, dür tarix yazdız.
Ocaq tarix yazdız, pir tarix yazdız,
Məşəli əbədi, sönməz şəhidlər.

Halaldır südünüz, pakdır zatınız,
Yeddinci qatdadır, sizin qatınız.
Nə qədər yaşayır, Şəhid adınız,
Düşmənin ürəyi gülməz, şəhidlər.

          ATATÜRK

Qardaş Türküyəmin ilk qurucusu,
Əlçatmaz zirvədir, dağdı Atatürk.
Hər gün çiçəkləyib, hər gün bar verən,
Min illər solmayan bağdı Atatürk.

Onsuz yanan ocaq qor olacaqdır,
Onsuz yollar boran, qar olacaqdır.
Dünya var olduqca var olacaqdır,
Qəlblərdə yaşayır, sağdı Atatürk.

Söylədi: “Nə mutlu Türkəm deyənə,
Zəfər, zəfər mənim deyə bilənə.”
Haqqın qarşısında boyun əyənə,
İstiqlal yetirən çağdı Atatürk.

Qərib, Türk bölünməz sözdə hecaya,
Nə qədər sahibdir belə ucaya.
Yurdu Salonikdən zülmət gecəyə,
Nurlu günəş kimi doğdu Atatürk.

Nizami Qərib – Media.info. az