Nizami Qəribin söz dünyasından… FOTO
MƏRHƏMƏTƏ MÖHTACIQ
Şeytanı qınayırıq,
İnsan yolunu azır.
Bu gün sənə dost deyən,
Sabah quyunu qazır.
Tamah elə sıxıb ki,
Gen dünyanı edib dar.
Etibar ad dəyişib,
Olub pullu etibar.
De, nə qədər səbr edib,
De, nə qədər dözəsən?
Yer altında yaşayıb,
Yer üstündə gəzəsən…
Ədalətin taxtında,
Nə sultanıq, nə tacıq.
Bircə misra sevgiyə,
Mərhəmətə möhtacıq.
31.12.2022.
ÖLƏN VAXTIDIR
Bahara vədəsiz əlvida dedim,
Ömrümə payızın gələn vaxtıdır.
Çiçəyin kövrələn, gülün ağlayan,
Xəzanın şadlanıb, gülən vaxtıdır.
Uzanıb gecəmin yolu sabaha,
Ümidim qalıbdır bircə Allaha.
Gizlədə bilmirəm köksümdə daha,
Dərdimi el-oba bilən vaxtıdır.
Qəribəm, dünyadan bezar gəzirəm,
Əlacın yerinə azar gəzirəm.
Büküb dəfn etməyə məzar gəzirəm,
Qəlbimdə arzular ölən vaxtıdır.
25.12.2022.
GÖRÜŞ YERİMİZ
İndi bu yerlərin payız fəslidir,
Buludlar günəşin üzünü örtür.
Görüş yerimizdə olan ağacın,
Yarpağı tökülüb izini örtür.
Nə vaxtdır bu izə ayağın dəymir,
İzin inciyibdir, izin küsübdür.
Cığırlar boğulub yağış suyunda,
Daha ümidini səndən kəsibdir.
Bəlkə də, mənim də son gəlişimdir,
İlk görüş yerimiz üşüdür məni.
Sənli ucalığa sənsiz çıxanda,
Atdığım addımlar tövşüdür məni.
22.12.2022.
İLAHİ
Bu dünyada bir əyrinin ipinə,
Gör nə qədər düz çəkilir, İlahi.
Sən astarsız yaratdığın üzlərə,
Hər gün təzə üz çəkilir, İlahi.
Şər danışır həqiqətin diliylə,
Fərqi yoxdur dirinin də ölüylə.
Oda həris bir rəssamın əliylə,
Ürəklərə köz çəkilir, İlahi.
Yaxınlaşdıq yaxınına yalanın,
Qarışmışıq axınına yalanın.
Düz danışsa, çarmıxına yalanın,
Dil asılır, söz çəkilir, İlahi.
Nizami Qərib.
18.12.2022.