Nizami Qəribin söz dünyasından…

  DİKİLƏNDƏ GƏL

Qonaq gəlsən bizə sən, ey əziz dost,
Bənövşənin boynu büküləndə gəl.
Günəş şəfəqində yorulub duman,
Zirvədən dərəyə çəkiləndə gəl.

Kəsim göy çəməndə bir əmlik quzu,
Kababı bişirsin palıdın közü.
Donmuş bulaqların əriyib buzu,
Qayadan şəlalə töküləndə gəl.

Qərib övladıdır qoca dağların,
Şimşəkdən bölünən haça dağların.
Bizləri gözləyən uca dağların,
Gözləri yollara dikiləndə gəl.

 

       SƏN GƏLƏN ZAMAN

Qəlbindən qəlbimə sevgi ələnir,
Hər dəfə üzümə sən gülən zaman.
Zülmət gecələrim nura bələnir,
Hər dəfə görüşə sən gələn zaman.

Ömrümün, günümün payız çağında,
Üz tutdum zirvəyə eşqin dağında.
Çiçəklər öpüşür könül bağımda,
Hər dəfə görüşə sən gələn zaman.

Sənsiz var olmağa çətin dözərəm,
Qaya parçalayıb, səhra gəzərəm.
Gülüm, yollarına çiçək düzərəm,
Hər dəfə görüşə sən gələn zaman.

Güllərin qoynunda şeh nəğmə çalar,
Bülbüllər gah ötər, gah nəğmə çalar,
Yarpağı tərpədib meh nəğmə çalar,
Hər dəfə görüşə sən gələn zaman.

             DAĞLAR

Səndən vüqar alır, səndən əzəmət,
İgidin qanadı, qolusan, dağlar.
Havan bir əlacdır, suyun bir əlac,
Neçə möcüzəylə dolusan, dağlar.

Sübh çağı düşəndə Günəş şöləsi,
Qonar yamacına şehin nəfəsi.
Zirvəni bəzəyər qartalın səsi,
Hər zaman ucalıq yolusan dağlar.

Saraldı çəmənlər, soldu güllər də,
Ötüşdü aylar da, keçdi illər də.
Nə vaxtdır qalmışam qürbət ellərdə,
Qəribin dərdindən halısan, dağlar.

Nizami Qərib – media.info.az
14.11.2022.