Nizami Qəribin söz dünyasından….
SEVGİ DOLU BİR DÜNYAMSAN
Səhralara yağış kimi,
Çiçəklərə naxış kimi,
Gözəlliyə baxış kimi,
Sevgi dolu bir dünyamsan.
Sənlə keçsin ayım, ilim,
Bu dünyanı cənnət bilim.
Bilirsənmi, qönçə gülüm,
Sevgi dolu bir dünyamsan?
Bir arzum var, ay qoşa xal,
Qollarını boynuma sal.
Küsdürmüsən könlümü al,
Sevgi dolu bir dünyamsan.
Sevincini üzdə görüm,
Saçlarına çələng hörüm.
Sənlə birgə ömür sürüm,
Sevgi dolu bir dünyamsan.
SEVİNCİM KƏDƏRİN QORUNA DÜŞDÜ
Ömrü yelə verdim dərd qucağında,
Qaranı gizlətdim saçın ağında.
İsinmək istədim eşq ocağında,
Sevincim kədərin qoruna düşdü.
Gördüm güc qalmayıb daha qolumda,
Namərdlər yer alıb sağım solumda.
Sevinc axtardığım həyat yolumda,
Sevincim kədərin qoruna düşdü.
Ümidim yoxdur ki, danışıb-güləm,
Nə də ki, dünyaya yenidən gələm.
Nə qədər çalışdım sevib-seçiləm,
Sevincim kədərin qoruna düşdü.
Sevgi bağçasında gülüm solan gün,
Həsrətdən kövrəlib gözüm dolan gün,
Mən özüm özümə Qərib olan gün,
Sevincim kədərin qoruna düşdü.
GÖRÜŞÜNƏ GƏLMİŞƏM
Sən göydən enmisən mələk yerinə,
Saçımı darayan külək yerinə,
Sevgimi götürüb çiçək yerinə,
Gülüm, görüşünə gəlmişəm sənin.
Qəlbim gəlişini hiss edib, duyub,
Sevincim kədərin izini yuyub.
Həsrəti, hicranı geridə qoyub,
Gülüm, görüşünə gəlmişəm sənin.
Güldürdün bir anda ağlar gözümü,
Qaytardın Qəribə taqət-dözümü.
Ayırıb dünyadan özüm özümü,
Gülüm, görüşünə gəlmişəm sənin.
Nizami Qərib -Pressaz.az