Nizami Qəribin söz dünyasından…

 

              NƏNƏ

Abır da, həya da, sizlərlə getdi,
İsmətin çiçəyi solubdur, nənə.
Təmiz məhəbbətin, düz etibarın,
Gölləri sonasız qalıbdır, nənə.

O ağır havalar, sizi gözləyir,
O xeyir-dualar sizi gözləyir.
O ellər, obalar sizi gözləyir,
Yolları çən-duman alıbdır, nənə.

Ətriniz gəlməyir çiçəkdən, güldən,
Tənəzzülə doğru gedir il ildən.
Bir baxın zamana qarışqa fildən,
Qarış-qarış böyük olubdur, nənə.

Zaman öz atını dördnala çapıb,
Bütün gözəlliyi dünəndə atıb.
Açıq ürəklərə nifrət yol tapıb,
Mərhəmət yerinə dolubdur, nənə.

Qərib, de çəkinmə doğrunu, düzü,
Haqq çəkən mizanın əyilib gözü.
Həcərin, Nigarın saldığı izi,
Bu gün “Milaşkalar” salıbdır, nənə.

 

TƏKLİYİMİN ŞAHİDİ ZAMAN

Hər yada düşəndə sənli günlərim,
Kövrəlib doluram o saat, o an.
Nələr çəkdiyimi, bir mən bilirəm,
Bir də təkliyimin şahidi zaman.

Xoşbəxtlik nə qədər uzaqdır mənə,
Sənli bir günümə illərim çatmır.
Boynuna sarıldım xatirələrin,
Əlini tutmağa əllərim çatmır.

Neynim, yoxluğunla barışammadım,
Elə dərd tapdım ki, dərmanı səndə.
Eşqə əsir olan cavan ömrümün,
Cəlladı qürbətdi, fərmanı səndə.

Dünya çox sınağa çəkib, əzizim,
Sən də ayrılıqla sınama məni.
Oxu, sətir-sətir yazdıqlarımı,
Həsrətim dil açıb, qınama məni.

Yazdıqca göz yaşım mürəkkəb oldu,
Ahım nida olub vərəqə düşdü.
Sevincim yad oldu sənsiz, əzizim,
Dərdim də dərdini mənlə bölüşdü.

Nizami Qərib – Pressaz.az