Nizami Qərib – Yeni şeirlər… VİDEO

                  DÜNYA

Salıb ümidimi ayağın altda,
Tapdayıb üstündə gəzirsən, dünya.
Şad gündə doğmasan, dar gündə yadsan,
Əlimi əlindən üzürsən, dünya.

Çox yolda qoymusan yoldaşlarımı,
Qayaydım, uçurdun sal daşlarımı.
Ağladıb kənardan göz yaşlarımı,
Baxıb oğrun-oğrun süzürsən, dünya.

Aça bilmədi ki, Qərib sirrini,
Odur hiss etmədi dayaz dərini.
Keçirib boynuma qəm kəndirini,
Dərdi dərd üstünə düzürsən, dünya.

24.10.2024