Nizami Qərib – Yeni şeirlər… VİDEO
KORDU QADASI
Çox qovdu dərd məni, yora bilmədi,
Tək sənin həsrətin yordu, qadası.
Səni tapmayanda hər səhər-axşam,
Hissim ürəyimdən sordu, qadası.
Bir dünya qurmuşdum dünya içində,
Bəlkə, bir gecəlik röya içində.
Sənli sənsizliyim dərya içində,
Balıq sevincimə tordu, qadası.
Xatirən zəbt edib hər künc-bucağı,
Mənə layla çalır ümid qucağı.
Hələ sönməyibdir bu eşq ocağı,
Hələ kül olmayıb, qordu, qadası.
Sənə aparaydı hər cığır, hər iz,
Günəş nur saçaydı, dumansız, çənsiz.
Qərib görə bilmir sabahı sənsiz,
Sevənin gözləri kordu, qadası.
SEVƏ-SEVƏ QOCALIM
Sən adlanan dünya qurdum gözümdə,
Bir ömürlük təbəssümsən üzümdə.
İcazə ver, bu səbrdə, dözümdə,
Fərhad kimi məhəbbətdən güc alım,
Gülüm, səni sevə-sevə qocalım.
Sənlə yanan həyat eşqim sönməyir,
Ürək dinir, dil danışıb dinməyir.
Bir arzum var öz yolundan dönməyir,
Həsrət bitsin, ayrılıqdan bac alım,
Gülüm, səni sevə-sevə qocalım.
Taleyində Qərib adlı yazıyam,
Ürəyinin kamanıyam, sazıyam.
Taxtdan enim, tacdan enim, razıyam,
Hər ötən gün gözlərində ucalım,
Gülüm, səni sevə-sevə qocalım.
Nizami Qərib -Pressaz.az