Nizami Qərib – Yeni şeirlər…

        XƏZƏRDƏN ƏSMƏ

Qopub ləpələrdən şehə dönəsən,
Saçıma toxunan mehə dönəsən,
Köksümdən ayrılan ehə dönəsən,
Mənim bu sözümdən inciyib küsmə,
Dayan, ey giləvar, Xəzərdən əsmə

Gah şaxta gətirdin, gah çən, gah duman,
Ruhu üşüyənə vermədin aman,
Sənin qəzəbinə çox verdim zaman,
Bəsdi, vıyıldayıb səbrimi kəsmə,
Dayan, ey giləvar, Xəzərə əsmə.

Bir bağbansız bağam, bardan aralı,
Dövlətdən aralı, vardan aralı,
Özümdən uzaqda, yardan aralı,
Mən tənha gəzdiyim sahili gəzmə,
Dayan, ey giləvar, Xəzərdən əsmə.

22.12.2021.

 

      BIR DİLƏYİM VAR

Uca yaradandan bir diləyim var,
Nəfsimi azmağa heç vaxt qoymasın.
İnsanı həyatda düz ad ucaldar,
Ağlımı azaldıb başdan almasın.

Şanımla, şöhrətim, Uca Yaradan,
Şükür ki, seçirəm, ağı-qaradan.
Görsən ağlım çaşdı, götür aradan,
Sədam elə düşüb, dastan olmasın.

Hər keçən günümə şükür eylədim,
Dostun dar günündə, heç sevinmədim.
Şeytana uymadım, səf söyləmədim,
Qəribəm, arzular qəlbdə solmasın.

19.12.2021.

Nizami Qərib -Pressaz.az