Nizami Qərib – Yeni şeirlər…
BİRİ AZƏRBAYCAN, BİRİ TÜRKİYƏ
Dili bir, dini bir, qardaşdır, onlar,
Kədərdə, sevincdə sirdaşdır, onlar,
Soy-kökdən birdilər, qandaşdır onlar,
Biri Azərbaycan, biri Türkiyə.
Tanınıb həmişə mərhəmətiylə, .
Seçilib dünyada sədaqətiylə,
Dağları titrədib əzəmətiylə,
Biri Azərbaycan, biri Türkiyə.
Bu günü deyil ki, əvvəli qoşa,
Yaranan bir gündən təməli qoşa.
Əqidəsi qoşa, əməli qoşa,
Biri Azərbaycan, biri Türkiyə.
Yaradan veribdir Türkə ixtiyar,
Yolunu kəsəmməz nə boran, nə qar.
Hökmdar dünyanın iki tacı var,
Biri Azərbaycan, biri Türkiyə
CƏZASI ÇOXDU
Ruhunu nəfsinə satan, ey insan,
Nəfsin əvvəli var, axırı yoxdu.
Şeytana qul olub yolunu azma,
Vallah, axirətdə, cəzası çoxdu.
Çalış öz mayana haramı qatma,
Mərdə quyu qazıb namərdə satma,
Yaltaqlıq eyləyib kölgədə yatma,
Vallah, axirətdə cəzası çoxdu.
Yetimin gününü ilə döndərmə,
Gözünün yaşını selə döndərmə,
Yanan ocaqları külə döndərmə,
Vallah, axirətdə cəzası çoxdu.
Səxavət insanda qızılsa əgər,
Ədalət qaşıdır, sadəlik zərgər.
Bir şəxs ki, yalandan özünü öyər,
Vallah, axirətdə cəzası çoxdu.
Qəlbi məngənətək sıxan əməlin,
Yaş olub gözlərdən axan əməlin,
Saray ümidləri yıxan əməlin,
Vallah, axirətdə cəzası çoxdu.
QİYMƏT VERMƏSƏ
Taleyin oyunu yoracaq səni,
Bir gün kürəyindən vuracaq səni,
Qəlbinə toxunub qıracaq səni,
Özün özlüynə qiymət verməsə.
Nəfsin istisinə hey yanacaqsan,
Kül olub yenidən odlanacaqsan.
Dünyanın malına aldanacaqsan,
Özün özlüyünə qiymət verməsə.
Səhra görəcəksən çəmən-gülşəni,
Keçmək olmayacaq dumanı, çəni.
Seçə bilməyəcən dostu, düşməni,
Özün özlüyünə qiymət verməsə.
Dərdin sevincindən çox olacaqdır,
Zamanın axışı ox olacaqdı,
Ömrün hədər gedib yox olacaqdır,
Özün özlüyünə qiymət verməsə.
DÜNYA
Bağımda gül əkdim tikan bitirdin,
Könül sarayıma kədər gətirdin.
Mən vüsal istədim, həsrət yetirdin,
Məni qaranlığa sürümə, dünya.
Yandırdın qəlbimi qaynar odunla,
Çəkdin çox sınağa doğma-yadımla.
Tutub əllərimdən ögey adınla,
Məni qaranlığa sürümə, dünya.
Nə qədər ömrümü bir heçə satım?
Nə qədər dərdimin qoynunda yatım?
Getmək istəməyir ağ köhlən atım,
Məni qaranlığa sürümə, dünya.
Kədərim dil açıb, qınama məni.
Bəsdir, çox sınandım, sınama məni.
Tanıya bilmirsən, tanıma məni,
Məni qaranlığa, sürümə dünya.
Fidan ümidimi yıxan küləksən,
Bəxtimi əliyən qara ələksən.
Bilinmir şeytansan, yoxsa mələksən,
Məni qaranlığa sürümə, dünya.
Həqiqət bildiyim yolumdan çəkib,
Sağımı aldadıb solumdan çəkib,
Zülmət əllərinlə qolumdan çəkib,
Məni qaranlığa sürümə, dünya.
XƏBƏRİN VARMI
Qızlar bulağına tələsən, gözəl,
Oduna yanandan xəbərin varmı?
Bircə gülüşünə canını verib,
Özünü danandan xəbərin varmı?
Həsrət yaşadarmı sevən sevənə,
Kərəm külə dönüb, Məcnun divanə.
Bircə öpüşünü eylə ianə,
Eşqinə sınandan xəbərin varmı?
Qəribəm, dinsizdə din-iman gəzmə,
Günəşli baharam, çən-duman gəzmə.
Özgədə düz ilqar, əhd-peyman gəzmə,
Mətləbi qanandan, xəbərin varmı?
Nizami Qərib – Pressaz.az