Nizami Qərib: “SOYUM TÜRK SOYUDUR, ƏYİLMƏZ BAŞIM” – VİDEO
SOYUM TÜRK SOYUDUR, ƏYİLMƏZ BAŞIM
Düşmənə kabusdur müzəffər ordum,
Bahar havasıdır payızım, qışım.
Qoy eşitsin cahan, duysun kainat,
Soyum Türk soyudur, əyilməz başım.
Uçdu istehkamlar, dağıldı bəndlər,
Azad nəfəs aldı şəhərlər, kəndlər.
Desin Polad kimi məğrur igidlər,
Soyum Türk soyudur, əyilməz başım.
Bayrağımdakı al şəhid qanıdı.
Azadlıq bu xalqın şərəf-şanıdı.
Cəmi 44 günə dünya tanıdı,
Soyum Türk soyudur, əyilməz başım.
Çəkildi buludlar, günəşim güldü,
Topxana gözünün yaşını sildi.
Bilənlər bilirdi, bilməyən bildi,
Soyum Türk soyudur, əyilməz başım.
Çox Tural Günelə çiçəklər dərib
Bu ellər nə qədər savaşlar görüb.
Nə gözəl deyibdir Nizami Qərib,
Soyum Türk soyudur, əyilməz başım.
Nizami Qərib.
08.11.2021.