Nizami Qərib: ŞƏHİDLƏR” – VİDEO

            ŞƏHİDLƏR

Məsum mələklərlə qoşa adınız,
Düşmən niyyətinə məzar qazdınız.
Siz tarix dəyişdiz, tarix yazdınız,
Məqamı göylərdən uca Şəhidlər…

Həsrətlə yaşadıq gör neçə ildi,
Əzminiz işğalçı izləri sildi.
Ər kimi döyüşdüz, düşmən yenildi.
Məqamı göylərdən uca Şəhidlər…

Vətənin açılan sabahısız siz,
Millətin ümidi, pənahısız siz,
Bu xalqın and yeri, qibləgahı siz,
Məqamı göylərdən uca Şəhidlər…

Ötüb dəyişsə də, fəsillər, illər,
Tökür göz yaşını tər qərənfillər.
Sizləri unutmaz gələn nəsillər.
Məqamı göylərdən uca Şəhidlər.

Sınmaz vüqarınız dağ vüqarıdır,
Bu elin, obanın iftixarıdır.
Adınız Vətənin dövlət-varıdır,
Məqamı göylərdən uca Şəhidlər.

Yüksəltdiz Vətəndə zəfər tacını,
Məzlum körpələrin aldız öcünü.
Göstərdiz dünyaya Türkün gücünü,
Məqamı göylərdən uca Şəhidlər.

Düşmən bayrağını torpağa saldız,
Şuşada, Laçında qana qan aldız.
Qəlblərdə taxt qurduz, hər an ucaldız,
Məqamı göylərdən uca Şəhidlər.

 

 

 

Nizami Qərib -Pressaz.az