NİZAMİ QƏRİB: “CƏBRAYILIM” – FOTO
CƏBRAYILIM
Ürəklərdə, könüllərdə,
Adı qalan Cəbrayılım.
İllərdi ki, yad əllərdə,
Talan olan Cəbrayılım.
Qara bulud başın alıb,
Bulud kimi gözün dolub.
Baharın da payız olub,
Gülü solan Cəbrayılım.
Laçın qəlbin dağlanıbdı,
Şuşa qolun bağlanıbdı,
İşğal altda saxlanıbdı,
Haray salan Cəbrayılım.
Türk qurar Türk dünyasını,
Eşidərsən sədasını.
Bir gün sənin qisasını,
Olar alan, Cəbrayılım.
QURTARAQ İŞĞALDAN, ANA TORPAĞI!
Birləşəyin! Can bir, ürək bir olaq.
Ağlayaq bir olaq, gülək bir olaq,
Sözdə yox, əməldə gərək bir olaq,
Qurtaraq işğaldan, Ana torpağı!
Laçın, Kəlbəcərin gözü yoldadı,
Göyçə, Zəngəzurum qeyli-qaldadı.
Şuşam can üstədi, yaman haldadı,
Qurtaraq işğaldan, Ana torpağı!
Ulu Yaradandır tək pənahları,
Hər saat titrədir ərşi ahları.
Bizdən tələb edir Şəhid ruhları,
Qurtaraq işğaldan, Ana torpağı!
İki yol içindən zəfəri seçib,
O, yolu şərəflə, qeyrətlə keçib.
Mənfur düşmənlərin, qanını içib,
Qurtaraq işğaldan, Ana torpağı!
Pressaz.az