Niyaməddin Əsgərov:”Zəngəzur dəhlizinin açılması qaçılmazdır”. FOTO
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə Cənubi Qafqaz regionunun geosiyasi, geoiqtisadi landşaftını əsaslı surətdə dəyişməklə, burada yeni əməkdaşlıq mühiti üçün də əlverişli şərait yaradıb. Müharibədə qalib gələn tərəf olaraq Azərbaycan əməkdaşlıq, sülh üçün konkret təşəbbüs və təkliflər irəli sürüb, Ermənistanla ölkəmiz arasında düşmənçilik səhifəsinin çevrilməsi, regional əməkdaşlıq, qarşılıqlı əlaqələrin inkişafı istiqamətində əməli addımlar atmağa hazır olduğunu bəyan edib. Eyni zamanda Zəngəzur dəhlizinin açılması 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş Naziri arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu maddəsidə də öz əksini tapmışdır.
Azərbaycan Prezidenti dəfələrlə ölkəmizin Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Ermənistan isə kommunikasiyaların bərpası və yeni dəhlizin yaradılması ilə əlaqədar qeyri-müəyyən şərait yaratmağa, vaxtı uzatmağa, müxtəlif bəhanələr irəli sürməklə süni gündəm formalaşdırmağa çalışıb. Buna baxmayaraq, hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirən Azərbaycanın gücü, üstün mövqeyi və təşəbbüsləri bu məsələnin diqqət mərkəzində olmasını şərtləndirib.
“Biz Türkiyə Prezidenti ilə Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib. “Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Bu dəhlizdən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, eləcə də Ermənistan üçün əlavə imkanlar yaradacaq. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Naxçıvan Muxtar Respublikası vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Həm də Azərbaycan Naxçıvan vasitəsilə Türkiyə ilə Orta Asiya isə Avropa ilə birləşir. Bu dəhlizin reallaşdırılması ilə Naxçıvan beynəlxalq logistika qovşağına çevriləcək. Bütövlükdə Zəngəzur dəhlizi Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən nə real inkişaf yoluna çıxa, nə də hansısa transmilli xarakterli layihə həyata keçirə bilər. Bu mənada postmüharibə dövründə Azərbaycanın barış və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflərini Ermənistan üçün xilas yolu olaraq da qəbul etmək mümkündür. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan 10 noyabr bəyanatına uyğun olaraq Ermənistanla Qarabağ erməniləri arasında Laçın dəhlizi vasitəsilə maneəsiz əlaqənin təmin edilməsi üçün şərait yaradıb. Laçın dəhlizi üzərində suverenlik beynəlxalq sənədlərdə təsbit olunduğu və 10 noyabr bəyanatında bir daha təsdiqləndiyi kimi Azərbaycanın yurisdiksiyasındadır.
Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün olduqca vacibdir. Məhz bu səbəbdən əngəl yaratmaq əvəzinə Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan daha çox maraqlı olmalıdır.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi.