Niyaməddin Əsgərov:”Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti” – FOTO
Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.
Cari ilin iyul ayının 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu sammitin Şuşada keçirilməsi tarixi bir hadisə kimi xarakterizə olunur. Çünki ilk dəfədir ki, türk dövlətləri azad olunmuş ərazilərdə keçirilən beynəlxalq səviyyəli sammitdə bir araya gəldilər. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etdilər. Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını şəxsən qarşıladı və öz çıxışında dünyaya mühüm mesajlar verdi. Prezident bildirdi ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür: “Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir”. Prezident çıxışında vurğuladı ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: “Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir”.
Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.
Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda icra olunan “Böyük Qayıdış” Proqramının əhəmiyyətindən söz açmışdır: “Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır. Cari ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər”.
Ölkəmizin başçısı qarşıda duran prioritet məsələlərdən, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun artırılmasının vacibliyini qeyd etmiş, yeni əməkdaşlıq perspektivlərini diqqətə çatdırmışdır: “Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək.
Sammitdən ortaya çıxan mühüm bir mesaj da odur ki, birgə səylərlə bütün Qarabağ gələcəkdə türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcək. İmzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Yekun olaraq qeyd edək ki, bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addımdır. Doğrudur, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Lakin bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq. Və ən mühümü gələcəkdə bütün Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Çox güman ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.