“Neftçilər günü neft-qaz sənayesində çalışan mütəxəssislər, mühəndislər, fəhlələr, geoloqlar və bu sahədə çalışan bütün insanların peşə bayramıdır”- Mübariz Hüseyn

 

Azərbaycan qədim zamanlardan dünyada “Odlar diyarı” – neft və qaz ölkəsi kimi tanınır. Bakı daim dünya neft-qaz sənayesinə əvəzsiz töhfələr bəxş etmiş, neftçilərimizin istehsalat prosesinə gətirdiyi mütərəqqi yeniliklər dünya praktikasında geniş tətbiq edilmişdir. Sənaye üsulu ilə ilk neft Azərbaycanda hasil edilmişdir və dəniz yataqlarından da ilk neft məhz Azərbaycanda, Neft Daşlarında çıxarılmışdır. Bu gün də Azərbaycan neft və qaz ixracatçısı kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə enerji siyasətimizdə qazanılan uğurların aparıcı qüvvəsi neftçilərdir. Neftçilərin fədakar əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hər il Neftçilər Günü ərəfəsində onlarla qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi onları daha da ruhlandırır. Əminəm ki, çoxminli neftçi ailəsi bundan sonra da qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün var qüvvələri ilə çalışacaqdır.

20 sentyabr Neftçilər Günüdür. Neftçilər günü – Azərbaycanda, Neft-qaz sənayesində çalışan mütəxəssislər, mühəndislər, fəhlələr, geoloqlar və bu sahədə çalışan bütün insanların peşə bayramıdır. Və qürur hissilə qeyd edim ki, 32 ildir mən də bu zəhmətkeş insanların cərgəsindəyəm. Bu gün bizim bayramımızdır.

Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda Neftçilər Günü peşə bayramı kimi qeyd edilir. Bu münasibətlə bütün neftçilərimizi təbrik edir, onlara çətin və şərəfli fəaliyyətində uğurlar arzulayıram. 

 

Mübariz Hüseyn – Pressaz.az