Nazlı Aranlı: Anam

               

 

                       Anam 
Saçlarının ağı gözümə batır

Yorgun gözlərinə qurbanam, anam.
Yoruldum demədən hey işləyirsən
Qabarlı əlinə qurbanam anam.

Gecələr yatmadan bizi böyütdün
Gündüzlər işləyib belini bükdün.
Yedirdin,içirdin sonra da öpdün.
Zəhmətkeş canına qurbanam, anam.

Soyuqdan qorudun, yaddan qorudun
Çətindən qorudun, pisdən qorudun.
Bizi bizdən alan cağdan qorudun
Sənintək mələyə qurbanam, anam.

Xəstə olduq həkimimiz sən oldun
Yıxılanda dayağımız sən oldun.
Özünü unudub səndə biz oldun
Cəfakeş canına qurbanam, anam.

Yüngülə qaçmadan, agır bilmədən
Üzünü büzmədən bir of demədən
Özünü qurban etdin heç düşünmədən
Fədəkar ruhuna qurbanam, anam.

İndi qocalmısan solubdur üzün
Taqətdən düşübdür parlayan gözün.
İstəsəmdə tapa bilmirəm çözüm
Ağrıyan canına qurbanam, anam.

İllər açdı sifətində qırışlar
Xəstə düşdün anam bizi bağışla.
Yenə də edirsən bizə alqışlar
Böyük ürəyinə qurbanam, anam!

Pressaz.az