NAZİM QOCA : MƏNİM AĞLAMAĞIM GÖZ UCUNDADIR…
Ürəyim bir yumaq, kiçilir gedir,
Həyatım bol zəmi, biçilir gedir,
Göz yaşım bulaqdır, içilir gedir
Dünyanın dərdləri qucağımdadır
Mənim ağlamağım göz ucundadır.
Ellər övladına həsrət qalıbdır,
Düşmən torpağımda yuva salıbdır,
Atamın məzarı orda qalıbdır,
Burada göz yaşlarım ovucumdadır,
Mənim ağlamağım göz ucundadır.
Nə qədər daşıyım acı həsrəti,
Ağlamaqdan oldum yataq xəstəsi,
Bir nalədir Qarabağ Şikəstəsi,
Xan əmi bir həsrət fərağındadır,
Mənim ağlamağım göz ucundadır.
İllərdir yuxuma qatmışam zəhər,
Ruhum o yerləri dolanar gəzər,
Xarıbülbül məni qınayıb süzər,
Könlüm Cıdır düzü sorağındadır,
Mənim ağlamağım göz ucundadır.
Bəlkə küləklərlə salam göndərim,
Şuşaya, Laçına bulud əndərim,
Göz yaşımı yağışlara döndərim,
Göz yaşım qəlbimdən süzülən qandır,
Mənim ağlamağım göz ucundadır
Bu haqsız dünyaya axı nə deyim?!
Göturüb silahı bir kəfən geyim,
Verməyə qalıbdır bircə ürəyim,
O ürək son döyüş arzusundadır,
Mənim ağlamağım göz ucundadır.
Vətən qızı
Uzat mənə əllərini qərib eldən,
Vətən deyən nisgilini duyum bir az.
Göndər mənə qucaq qucaq o həsrətdən,
Göz yaşımla həsrətini yuyum bir az.
Cəkmə məni imtahana vətən qızı
Bu ellerdən səsin gəlmir nə zamandır.
Sarı simlə gəl aglatma telli sazı
Vətən deyib nalə cəkmək nə yamandır!
Hec bilmirəm canım deyim, ya nəyimsən,
Yad ellərdə itgin düşmüş qismətin var.
Qərib eldə könlü qırıq bir gəlinsən,
Bu vətənə bir əmanət ismətin var!