Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri – FOTO

Azərbaycan və dünya hərb tarixində mühüm izlər qoyan parlaq Qələbə sayəsində işğaldan azad olunan ərazilərimizdə geniş bərpa-quruculuq işləri aparılır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya nümayiş etdirən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad olunmuş ərazilərimizin mühafizəsi və müdafiəsində dəmir yumruq kimi dayanıblar. Xalq-ordu birliyinin rəmzi olan İkinci Qarabağ müharibəsində Ermənistana elə bir dərs verilib ki, bu dərsi onlar əbədi olaraq yadda saxlayacaqlar. Erməni mifi sabun köpüyü kimi dağılıb yox olub.
Qazanılan Zəfər dünyaya qədim və şərəfli keçmişə malik bir xalqın birlik və həmrəyliyini, gələcəyə inamla irəliləyən Azərbaycanın gücünü göstərib. Silahlı Qüvvələrimizin Azərbaycanı istənilən təcavüzdən qorumağa qadir bir qüvvə olduğu günümüzün danılmaz reallığıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar ordumuzun sahib olduğu özünümüdafiə gücünü qat-qat artırıb. Komando briqadalarının yaradılması bu cəhətdən olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilib. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və qətiyyəti sayəsində Kəlbəcər bir güllə atılmadan azad edildi. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də bərpa –quruculuq işləri davam etdirilir. İnfrastruktur, elektrik, su təchizatı yenilənir. «Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq – Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün dünyaya sübut olundu ki, Qarabağ müharibədə qazandığı Zəfəri, işğaldan azad edilmiş bərpa-quruculuq işləri ilə böyük xalq olduğunu sübut edən Azərbaycana məxsusdur.
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.Dövlətimizin başçısı ilk öncə Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.Dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, İstisu sanatoriyasının təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.
Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə Enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, enerji səmərəliliyinin təmin edilməsi, yaşıl texnologiyaların tətbiqi, bu sahədə dövlət-özəl sektor tərəfdaşlığının təşviqi kimi tədbirlər nəzərdə tutulmuşdur.
İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Zəngilan və Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.