Müşviq Rafaeloğlu: “Gedir”… VİDEO

Böləmmirəm kədərimi…

İstəyirəm leysan yağa,
Yuya qəmli dərd-sərimi.
Guruldaya, şimşək çaxa,
Silkələyə qədərimi!

Ata adlı dərd belimdə,
Ağ saçımda, hər telimdə.
Boğuluram öz selimdə,
Böləmmirəm kədərimi!

Ağlar qələm, ağlar yazım,
Sarı simdə qara sazım.
Ağı deyir xoş avazım,
Ruhu silə qəhərimi!

Meşviq, fələk etməz vəfa,
Sızlar qəlbin , çəkər cəfa.
Yetimliyə yoxdur şəfa,
Ümidləmə səhərimi!

           GEDİR

Həyatda ömürlük kimdir ki qalan,
Ordan yaxşılar da , yaman da gedir.
Tüfeyli bir həyat sürüb, yaşayan,
Şərəflə tarixi yazan da gedir.

Var-dövlət hərisi olan birində,
Haramın ləzzəti qalar dilində.
Ömrünü xalqına həsr eyləyən də,
Xalqın sərvətini talan da gedir.

Kiminə atası başının tacı,
Yoxluğu illərlə çəkdirər acı.
Anamdır deyən də dərdin əlacı,
Qocalar evinə atan da gedir.

Qadın var ərəndir, külüng belində,
Qadın var yaşayır çirkab içində.
Hörmətin qazanan bütün elin də,
Namusun qəpiyə satan da gedir.

Sirlərlə doludur ulu kainat,
Qələmi, ay şair, bir qırağa at.
Dərdlərlə inləmə, bir az sevinc qat,
Qalmayır dünyada ozan da gedir,
Onsuzda dünyadan ozan da gedir.

Canımdan bir canı kəm yaşıyıram

Qəlbimdə həsrətin silinməz izi,
Çiynimdə bir dünya qəm daşıyıram.
Üşütdü ,ay ata,gedişin bizi,
Canımdan bir canı kəm yaşıyıram.!

Aylı gecələrim ulduzu söküb,
Yağışın nəmi də gözümə çöküb.
Vidasız ayrılıq qəddimi büküb,
Havalı xəstə tək dəm yaşıyıram.!

İndi ümidliyəm röyada görüm,
Sevinci, qəmi də röyada bölüm.
Necə əzazildi bivəfa ölüm,
Ömrümü əridir şəm , yaşıyıram.!

 

Müşviq Rafaeloğlu -Pressaz.az