Müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb – FOTO

Fevralın 19-da Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında hərbi sahədə olan işbirliyindən bəhs edərkən vurğuladı ki, İkinci Qarabağ savaşı və keçirilən antiterror əməliyyatı Türkiyənin Ordu modelinin Azərbaycanda tam oturuşduğunu göstərdi. Ölkə başçısı onu da qeyd etdi ki, Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.
Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var. Bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib. Dövlət başçısı deyib ki, bu planlar gerçəkləşdikdə insanlar da, ictimaiyyət də bundan xəbərdar olacaq. Mətbuata bəyanatında Prezident İlham Əliyev onu da bildirdi ki, Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur. Reallaşdırılan nəqliyyat, enerji layihələri ölkələrimizin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır. Ticarət dövriyyəmiz sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Mühüm beynəlxalq layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir. Bir sözlə, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib.
Azərbaycan dünyanın 30-dan çox inkişaf etmiş ölkəsi ilə hərbi sahədə bir, iki və daha çoxtərəfli müqavilələr imzalayıb. Bu müqavilələrin bir qismi, təbii ki, hərbi sənayemizin inkişafı ilə bağlıdır. Çünki ordu cəbbəxanasının daim təkmilləşdirilməsi, ordu kadrlarının yeni prinsiplər, yeni tələblər üzərində hazırlanması günün ən vacib məsələlərindəndir. Təbii ki, müqavilə bağladığımız ölkələr arasında Türkiyənin xüsusi yeri və əhəmiyyəti var. Son yüz il ərzində Türkiyə hərbi sənaye sahəsində özünün ən böyük uğurlu addımlarını məhz indiki dövrdə atıb. Bu uğurlar göz önündədir. Sözsüz ki, bir sıra Qərb, Avropa ölkələri Türkiyənin hərbi sənaye sahəsində əldə etdiyi uğurları sinirə bilmirlər. Çünki bu uğurlar həqiqətən də, deyərdim ki, günün tələblərinin üst qatında əldə olunmuş uğurlardır. Bu mənada qardaş Türkiyə kimi dövlətlə Azərbaycan arasında hərbi sənaye sahəsindəki əlaqələrin inkişaf etdirilməsi çox önəmlidir. İlk növbədə ən önəmlisi Türkiyə Azərbaycan üçün qardaş dövlətdir, Türkiyə Azərbaycanı sevən dövlətdir, onun Prezidenti başda olmaqla, Türkiyə xalqının Azərbaycan xalqına bəllidir, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan xalqının Türkiyə ilə bağlı eyni mövqeni ifadə edən münasibəti də həmişə aydın olub. Yəni bu münasibətlərin indiki dövrdə dinamik bir şəkildə inkişafı Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Məhz bu əlaqələrin genişlənməsi sahəsində biz 44 günlük Vətən müharibəsində çox böyük uğurlara imza atdıq. Qeyd edilən uğurlarda Türkiyə hərbi sənayesinin istehsalı olan hərbi avadanlıqların, silah-sursatın, eyni zamanda bu hərbi avadanlıqları, silah-sursatı, texnikanı idarə edəcək kadrların hazırlanması və bu hazırlıq işində Türkiyənin oynadığı rol, əlbəttə ki, danılmazdır.
Azərbaycan Türkiyə hərbi sənayesindən, texnologiyalarından, xüsusən uçan pilotsuz aparatlarının inkişafından və onların döyüş qabiliyyətindən istifadə etməklə, o texnologiyanı öyrənməklə çox böyük uğurlara nail olacaq. Bu texnologiyanın Azərbaycana etap olunması, köçürülməsi işi də çox böyük uğurla həyata keçirilir. Bunu Azərbaycan hərbi sənayesinin də uğuru kimi dəyərləndirmək olar. Əlbəttə, qarşılıqlı əlaqələr olmadan, dövlətlərlə dostluq, qardaşlıq, hərbi, siyasi, iqtisadi, sosial, mədəni sahədə əlaqə qurmadan inkişaf mümkün deyil. Azərbaycan özünün konstision hüquqlarından istifadə edərək ordusunu daim gücləndirməlidir. Prezident dəfələrlə bəyan edib ki, ordu bizim üçün həmişə olduğu kimi bu gün də prioritet olaraq qalır. Hərbi sənayemizin inkişaf etməsi, hərbi sənayemizin də inkişafında bir növ Türkiyə ilə imzalanmış qarşılıqlı müqavilələr əsasında baş verən proseslər Azərbaycan üçün çox böyük bir şansdır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.