Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. FOTO
Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında yeni mərhələnin başlanğıcı olacaq. Pakistan-Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olub. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Pakistan da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da ölkəmizə güclü dəstək göstərib. Həmçinin işğal səbəbindən Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayıb. Pakistanın bu mövqeyi, Azərbaycan xalqı arasında güclü bir qarşılıqlı sevgi və hörmət hissi yaratmışdır.
Mətbuata verdiyi bəyanatında Prezident cənab İlham Əliyev Azərbaycan və Pakistan arasında perspektiv əməkdaşlıq istiqamətlərinə də diqqət çəkdi. Bura ticarət və sərmayə, enerji, təhsil, müdafiə sənayesi kimi kimi sahələr daxildir. Ölkələrimiz arasında enerji, eləcə də təhsil sahəsində əməkdaşlığın da böyük potensialı var.
Ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də bir sıra önəmli mesajlar səsləndirdi. Azərbaycan-Pakistan əməkdaşlıq əlaqələrində qarşılıqlı anlaşmanın hökm sürdüyünü, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü bildirən Baş nazir Məhəmməd Şahbaz Şərif münasibətlərin qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulduğunu diqqətə çatdırdı.
Azərbaycan-Pakistan arasında bütün sahələrdə əməkdaşlıq istiqamətində güclü canlanma var.
Təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.
Ölkə başçısı qeyd etdi ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi.