Mübariz Hüseyn:”ACI XATİRƏLƏR”…
ACI XATİRƏLƏR
Sevgidə, vüsala çata bilməyən
Xəyalın gözündən qan-yaş süzülür.
İntizar odunu ata bilməyən
Qəm çəkib sızlayan tale üzülür.
Qüssə gələ bilməz sevinc çökməsə,
Kədər gülə bilmız can dərd çəkməsə.
Səadət bağına yar qəm əkməsə
Bilməzdim hicrana necə dözülür.
Özgə ürəklərdə bilinməz olan,
Ruh tək göyə uçub görünməz olan,
Bəxtin vərəqindən silinməz olan
Acı xatirələr ömrə düzülür.
Aləmi lərzəyə salar, çıxsa ün.
Canı isidərmi qürub edən gün?
Məhəbbət yolunda dolaşan düyün
Ey gənclər, vaxtında bilsən çözülür.
GİZLİ SİRRLƏR
Ey talemin, üzə gülən xoş anı!
Nədən belə ömrün kəmdi – kəsirdi?
Acı günmü, məğlub edir dünyanı?
Canın bəlkə qəm, kədərə əsirdi.
Dara düşsək inciyərdik zamandan,
Daha səndən küsməyin də yeri yox.
Əlac qalıb, istək umaq gümandan,
Gözlənilən biri olur, biri yox.
Üzüntünün tuşlayaraq atdığı
Sancılan ox, qəsdə girir qəlb deşə.
Asimanın son ucuna çatdığı
Fəlakətlər, dönüb adi vərdişə.
Çağrılmamış qonaq kimi gələn, qəm
Məhvərində, dolandırır insanı.
Necə deyim gizli sirri aç qələm,
Müəmmadır nədə gəzim nöqsanı?
EY CAN!
Ədavət yarası, qaysaq bağlasa,
Kinayəli sözlə qaşıma, Ey can!
Gülmə, get düşmənin evində yasa
Qoy hörmət qoyulsun yaşıma, Ey can!
Ağacı sev yenə, dərilibsə, o.
Qolunda güc artır gərilibsə, o.
Hansı ümid ilə verilibsə, o.
Qorunmayan adı daşıma, Ey can!
Anla, yolçususan qərq olan köçün.
Yanana, yanaraq hey için – için,
Özgəni ağ günə çatdırmaq üçün
Bəyazlıq gətirdin başıma, Ey can!
Demə ki, edərdim O, bilən olsa.
Əməlin gözlərdən yaş silən olsa
Vida görüşünə bir gələn olsa
Ah çəksin baxanda daşıma, Ey can!
MÜBARİZ HÜSEYN – Media.info.az