Mübariz Hüseyn: “Şanlı Vətən övladı”
ŞANLI VƏTƏN ÖVLADI
Azğın düşmən üstünə
Şimşək tək çaxıb gedin.
Qarabağın qəsdinə
Duranın qəlbin didin
Şanlı,vətən övladı!
Yurdumun hər bucağı
Sevən üçün əzizdi.
Sinib, qaçırsa yağı
Sizin hünərinizdi.
Şanlı, vətən övladı!
Qəlbini nur bürüyən
Cərgənizə qoşulsun.
Haqqa doğru yürüyən
Qədəminiz xoş olsun,
Şanlı, vətən övladı!
Sevinc saçır üzlərə,
Cəbhədən gələn soraq.
Nur gətirir gözlərə,
Sancılan görsə bayraq,
Şanlı, vətən övladı!
Gözündə qoysan kamı,
Sızlayaraq, qəm çəkər.
Yaararaq istehkamı
Zəfər gətir ey əsgər.
Şanlı, vətən övladı!
Gülür göylər qübbəsi
Ey bəşər əhli, ayıl!
Eşidir əzan səsi
Azad olan Cəbrayıl.
Şanlı, vətən övladı!
DANIŞAQ
Çox getdik dərinə düşüncələrlə,
Deyirəm, bir az da üzdən danışaq.
Baş yorduq müəmma Nə? Necələrlə?
Anlamı tez olan sözdən danışaq.
Qapalı şəhərdə gəlmişik zara,
Xəyalən seyr edib çıxaq dağlara.
Şeh üstə iz salıb gəzdiyin, ara
Çəhlimli yamacdan, düzdən danışaq.
Düşmənin qəlbini didə bilmirik.
Mahalları azad edə bilmirik.
Özümüz düz yolda gedə bilmirik
Babalar saldığı izdən danışaq.
Bəxtimizdən yeyən kədər, qəm doyub
İntizar, sevinci kökündən yuyub.
Canı yananları həsrətli qoyub
Arxamızca baxan gözdən danışaq.
Nəyimiz yaxşıdı bizdən danışaq.
Mübariz Hüseyn Borçalı -Pressaz.az