“Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır” – Ruslan Mustafayev
Müəllimlər həyatını xalqının işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahibləridir. Bu peşə sahibləri öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Məhz buna görə də müəllim əməyinin bənzəri yoxdur. Müəllim əməyi, sözün əsl mənasında, fədakarlıq nümunəsidir. Bu peşəyə hər zaman yüksək dəyər verən xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
Cəmi altı yaşına qədər valideynlərinin yanında tərbiyə görən, düşüncələri, ətrafına, cəmiyyətə və həyata qarşı münasibəti yeni-yeni formalaşmağa başlayan azyaşlı bir uşaq uzun illər müəlliminin tərbiyəsi və öyrətdikləri ilə fərd olmaqdan çıxıb şəxsiyyətə çevrilir.
Müasir, demokratik və aydın düşüncəli Azərbaycan cəmiyyətinin formalaşmasında da fədakar, zəhmətkeş, uşaq və gənc ruhundan anlayan, savadlı müəllimlərimizin rolu heç də az deyil. Bu yazımızda haqqında danışacağımız 53 Saylı Tam Orta Məktəbin Dil-Ədəbiyyat müəllimi Mustafayev Ruslan da həmin cəfakeş müəllimlərdən biridir. Ruslan müəllim şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edir. Valideynlərlə bərabər, bəlkə də, onlardan daha çox uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinir. Onunla söhbət zamanı Ruslan müəllim:
” Biz müəllimlərin əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər bir uşağın layiqli vətəndaş kimi yetişməsi üçün biz müəllimlər yüksək səviyyədə xidmət göstərməliyik. Şagirdlərimə dərs keçərkən onların gözlərində gördüyüm sevgi,üzlərindəki o məsumluq məni daha da ruhlandırır və onlara həsr etdiyim şeirdə də bunu xüsusilə vurğulamışam.
“Əziz beşincilər”
Əziz beşincilər, ay beşincilər,
Siz ki bu dünyanın ən qəşəngisiz.
Sinif otağına yaraşıq verən
Elə bil tər-təzə gül çələngisiz.
*****
Ətriniz o qədər xoş gəlir mənə,
Dilimin ən şirin sözüsünüz siz.
Demirəm, siz mənə həyat verənsiz,
Əslində, həyatın özüsünüz siz.
*****
Həyat da nə həyat, gözəl bir həyat,
Fitnədən, kələkdən uzaq, tərtəmiz.
Kim sizi xoşlanmaz, kim istəməz ki?
Məsum mələklərə bənzəyirsiniz.
*****
İlahi, nur yağır üz-gözünüzdən,
Doğrudan, nə qədər möhtəşəmsiniz.
Sizi kəşf etməyə min alim gərək,
Hərəniz bir dünya, bir aləmsiniz.
*****
Elm işığında boy atdıqca siz,
Qəlbiniz sevinclə, fərəhlə dolsun.
Necə istiqanlı, necə safsınız,
Kaş ki, böyüklər də siz kimi olsun.
Hər zaman şagirdlərimizə qarşı sevgi, hörmət hissi ilə yanaşmaq, onları doğru yola yönləndirmək biz müəllimlərin əsas qayəsidir”.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizə böyük ehtiram və hörmətlə yanaşmaq hamımızın mənəvi borcudur. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Bütün dövrlərin dahi filosofu Sokrat deyirdi ki, dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz. Əlbəttə, dünyanın ən böyük rütbəsini daşıyan insanın, hətta müəllimin özünün belə müəllimi olubsa, onda demək ki, müəllimlik həqiqətən də ən uca və ən ali sənətdir.
Könül Səssiz – Pressaz.az