MİRƏLİ MƏMMƏD: SARI SİM ÜSTÜNDƏ KÖKLƏNMİŞƏM MƏN
SARI SİM ÜSTÜNDƏ KÖKLƏNMİŞƏM MƏN
Sarı sim üstündə köklənmişəm mən,
Dindirmə sızlayır bağrımın başı.
Gözəl Qarabağı itirən gündən,
Düşüb xəncərimin parlayan qaşı.
Yaman kövrəlirəm , deyim hər kəsə,
Günüm göy əsgiyə düyülüb mənim.
Çox vaxt bilə-bilə adıma nəsə,
Gah qaçqın, gah köçkün deyilib mənim.
Bütün yaraları sağaldır zaman,
Qarabağ yarası sağalaydı kaş,.
Eşitsəm Qarabağ alınıb, inan,
Piyada gedərdim Şuşaya bir baş.
Bir qarış yerini qoymazdım qala,
Öpüb dolanardım başına hər gün,
Nə qədər canımda xəstəlik ola,
O doğma torpağın daşına hər gün.
Axı o yerlərin o çölün, düzün,
Acı yovşanı da şirindi mənə.
Kəklikotun, qırxbuğumun, qarpızın,
Dərib iyləyərdim mən dönə-dönə.
ÜRƏK AĞRIMASIN, AXI NEYLƏSİN
Haqqa göz yumulur gözün önündə,
Ürək ağrımasın, axı neyləsin ?
Yalan ayaq açır düzün önündə,
Ürək ağrımasın, axı neyləsin?
Heç kimin işinə qarışmaq olmur
Bəxt adlı oyunla yarışmaq olmur,
Hər deyilən sözlə barışmaq olmur,
Ürək ağrımasın, axı neyləsin?
Ağa qara ləkə yaxanlar da var,
Evlər uçuranlar, yıxanlar da var,
Öyünüb özündən çıxanlar da var,
Ürək ağrımasın, axı neyləsin?
Mənfi emosyalar üzür adamı,
Haqsız deyilənlər əzir adamı,
Sanki dərd axtarıb gəzir adamı,
Ürək ağrımasın, axı neyləsin?
Mirəli Məmmədəm, yaş o yaş deyil,
Səbir də tükənib, baş o baş deyi,
Ürək dəmir deyil, ürək daş deyil,
Ürək ağrımasın, axı neyləsin?
BU DƏRD BU MİLLƏTİ NİYƏ OYATMIR ?
Yağılar zülm edib millətimizə,
Bu dərd,bu milləti niyə oyatmır?
Qisas almalıyıq, dağ çəkib bizə,
Yediyim, içdiyim canıma yatmır.
Bu dərd bu milləti niyə oyatmır?
Evlər yandırıldı, evlər yıxıldı ,
Dilsiz körpələrə güllə çaxıldı,
Namus tapdalandı, ləkə yaxıldı,
Töhmətdi,heç kimə çatmır ki, çatmır.
Bu dərd,bu milləti niyə oyatmır?
Sönüb ocağımız,sönüb odumuz,
Nə doğmamız qalıb, nə də yadımız,
Allaha qalıbdı son imdadımız,
Beyinlər kütləşib, beyinə batmır.
Bu dərd,bu milləti niyə oyatmır?
Mirəli Məmmədəm, gizlətmirəm mən,
Yaş keçib, saç-saqqal ağarıb dən-dən,
Gorum çatlayacaq ölsəm bu dərddən,
Heç kim yuxusuna tay haram qatmır.
Bu dərd, bu milləti niyə oyatmır?
Pressaz.az