Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva mahir topçu Vüsal Şahkərimovun ailə üzvləri ilə görüşüb – FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, məğrur duruşu ilə noyabrın əvvəlindən bəri Azərbaycanın, bütün dünya azərbaycanlılarının sevimlisinə çevrilən mahir topçu Vüsal Şahkərimovun ailə üzvləri ilə görüşüb. Artıq gənclərin kumirinə çevrilmiş Vüsalın ailə üzvlərini Milli Məclisə dəvət etməkdən və onların bu dəvəti qəbul etməsindən çox məmnun olduğunu bildirən Komitə sədri, bütün qoşun növlərimiz, hərbi birliklərimiz kimi, artilleriyaçılarımızın Azərbaycan Böyük Vətən Müharibəsində xarüqələr yaratdığını deyib. Gənc topçu Vüsalın və döyüş yoldaşlarının Qarabağda qazanılan zəfərdə özünəməxsus payı, töhfəsi olduğunu söyləyərək, vətənpərvər övlad böyüdən bütün ailələrə vəfa borcumuz olduğunu vurğulayıb. “Müzəffər Ordumuzun Ali Baş Komandanın rəhbərliyiyi ilə əldə etdiyi uğurlar bugünümüzün parlaq gerçəkliyidir, bizlər bu canlı tarixin iştirakçıları, şahidləriyik; əlbəttə, günümüzün müharibəsi tarix kitablarına köçəcək, ancaq daha artıq dərəcədə, zəfərimiz gələcəyimizdə iştirak edəcək.
Mən sizlərə Vüsal kimi oğul böyütdüyünüz üçün bir daha, öz adımdan və Komitəmiz adından təşəkkür edirəm. Əmin olun ki heç nə unudulmur, heç nə yaddan çıxmır!”
Xaçmazın Qusarçay kəndindən olan məşhur topçunun babası Ağa Ağayev, atası İslam Şahkərimov və anası İlahə xanım göstərilən diqqətə görə təşəkkür edib, Müdafiə Nazirliyinin yaydığı video-materialdan sonra evlərinin ziyarət yerinə çevrildiyini, hər gün onlarla qonaq qəbul etməkdən çox məmnun olduqlarını deyiblər. Ailə üzvləri Vüsalın uşaqlıq və yeniyetməlik illərindən danışıb, maraqlı məqamları bölüşüblər.
Belə bir arzu ifadə olunub ki, Vüsal qalib ordunun qalib əsgəri kimi geri döndükdən sonra, arzu etdiyi ali məktəbə daxil olar və seçdiyi ixtisasa uyğun olaraq, Vətənə xidmətini davam etdirər.