Məmməd Qədir:” Şəhid bacısının yuxusu” – FOTO + VİDEO
ŞƏHİD BACISININ YUXUSU
Sübh azanı vaxtı girdin yuxuma,
Şükür, sağ salamat gəlmişdin, qardaş.
Necə həsrət idim həyat qoxuna,
Hardan öyrənmişdin, bilmişdin, qardaş?
Dərdindən qalmayıb heç yarı canım,
Həsrətin odunda yandım, əridim.
Niyə soyuq-soyuq baxırsan, canım,
Bir bax, Fəridənəm, igid Fəridim.
Elə sarıldım ki, şümal qəddinə,
Qocaman bir dağı qucub dayandım.
Sanki dünyam döndü öz sərhəddinə,
Günəşim nur saçdı, işığım yandı.
Şükür, əl-ayağın salamat idi,
Üzündən-gözündən həyat yağırdı.
Anam çox çaşmışdı, sanki mat idi,
Gözünü qırpmadan sənə baxırdı.
Dedim bir çal-çağır məclisi quraq,
Bürünsün dünyamız sevinc ətrinə.
Ehh… kənddə şəhid var, yetişər soraq,
Şəhid anasının dəyər xətrinə.
Sənin sevincini necə qeyd edim,
Necə paylaşım bəs çoxuna, qardaş?
…Minacat səsinə oyandım, gedim,
Yasin oxutdurum yuxuna, qardaş.
Allah, görməzdim kaş, dirildi dərdim,
Bir anlıq yuxunu bir həyat saydım.
Bütün həyatımı qurban verərdim,
Məni bu yuxudan oyatmasaydın…
AĞLADIM
(Qardaş itirmiş bacılara həsr edirəm)
“Qardaaaşş…”- deyə nalə çəkdim, gəlmədi,
Göz yaşı içində üzüb ağladım.
Fələk vurdu, bir gün üzüm gülmədi,
Titrək dodağımı büzüb ağladım.
Ürəyim od tutub, niyə soyuqsan,
Nolar, “bacııı… – deyib qarşıma çıxsan,
Hər yerdə var ikən, heç yerdə yoxsan,
Şəklini qarşıma düzüb ağladım.
Sən ki, dözməz idin gözüm yaşına,
Bacını çevirdin qəm əyyaşına,
O qədər vurdum ki, sinə daşına,
Başımı-gözümü əzib ağladım.
Gecə yuxumda da səni özlədim,
Bitdi sübh azanı, yenə gözlədim,
Ruhun əzabını gündüz gizlədim,
Qatil gecələrə süzüb ağladım.
Süzülüb sel oldum, səhər tutmadı,
Arzular saraldı, bəhər tutmadı,
Kəndə sığışmadım, şəhər tutmadı,
Dəli tək çölləri gəzib ağladım.
Tənha çiçək kimi sındım, üzüldüm,
Hər səhər doğuldum, hər gecə öldüm,
Bir olan canımı min yerə böldüm,
Yaralı canımdan bezib ağladım .
İçim haray çəkdi, səni səslədim,
Kaş… deyə bir qırıq ümid bəslədim,
Sənsiz həyatımdan ölüm istədim,
Ölmədim, İlahi, dözüb ağladım.
İşıqlı həyatım sənsiz gor oldu,
Sıxıldım, əynimə dünya dar oldu,
Yer susub dayandı, göylər kar oldu,
Əlimi Allahdan üzüb ağladım…
Məmməd Qədir -Pressaz.az